Bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığına malik dairələr məlum olub.
Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov məlumat verib.
Saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 3 Saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi. Bu seçki dairəsində seçici fəallığı 18.04 % olub. Dairə üzrə 8 494 seçici səsvermə hüququndan istifadə edib.
Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 16 Saylı Yasamal İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 2.39 % olub. Dairə üzrə 1 155 seçici məntəqələrə gedərək səs verib.
Xatırladaq ki, saat 10:00-dək respublika üzrə 499 575 nəfər səs verib, seçici fəallığı 8,38 % olub.
Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.