AZ

Azərbaycan millisinin baş məşqçisi: Legioner futzalçıların yoxluğu bizə çətinlik yaradır - MÜSAHİBƏ

Bakı, 29 yanvar, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Yığma Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstan seçməsi ilə qarşılaşacaq. Bu iki oyun davam edən hazırlıq prosesini necə qiymətləndirərdiniz?

- Bakıda iki günlük təlim-məşq toplanışı keçirdik. Fiziki və taktiki hazırlıqlar üzərində işlədik. Uşaqlar verilən təlimatları meydanda icra etməyə çalışdılar. Seymur Məmmədov və Murad Quluzadə zədəli olduğuna görə bizə qoşula bilmədilər. Seymurun əvəzinə heyətə İlham Alıyevi dəvət etdik. Kənan Manafov da zədədən əziyyət çəkdiyi üçün İsveçlə görüşü buraxmaq məcburiyyətində qalmışdı. İndi isə komandaya kömək edə biləcək vəziyyətdədir.

- Rəqiblər barədə nə düşünürsünüz?

- Xorvatiya sayılıb-seçilən kollektivdir. Onlar daim Avropa və dünya çempionatlarının final mərhələsində iştirak edirlər. Əlbəttə, səfərə xal və ya xallar qazanmaq üçün yollanacağıq. Hər bir görüş bizim üçün əhəmiyyətlidir. İkinci matçımızı evdə Yunanıstanla keçirəcəyik. Hələlik Xorvatiya ilə qarşılaşmaya köklənmişik.

- Heyətdə olan gənc oyunçuların potensialını necə dəyərləndirirsiniz?

- Komandamızda 5-6 gənc futzalçı var. Hər birində potensial görürəm. Amma bu oyunçuların inkişafı üçün onların üzərində işləmək, çoxlu oyun keçirmək lazımdır.

- Artıq əcnəbi futzalçılar milliyə dəvət almırlar. Öncəki müsahibələrinizin birində oyunçu axtarışında olduğunuzu söyləmişdiniz. Yerli futzalçılardan ibarət hazırkı heyəti istədiyiniz kimi formalaşdıra bilmisiniz?

- Təbii ki, əcnəbi oyunçuların yoxluğu bizə çətinlik yaradır. Əvvəl yığmada 8 oyunçu əcnəbi idi. UEFA milli komandaya legionerlə bağlı qadağa qoyduqdan sonra bizim üçün işlər çətinləşdi. Çünki komandanı formalaşdırmaq üçün vaxt lazımdır. Yeni oyunçuları tapmaq və onları yığmaya cəlb etmək asan məsələ deyil.

- Milli komandaya ölkə xaricində, xüsusilə də Rusiyada yaşamış azərbaycanlı oyunçuları dəvət etmək istədiyinizi bildirmişdiniz. Bu barədə yenilik varmı?

- Bu, çox çətin prosesdir. Təbii ki, ölkə xaricində heyətə qatmaq istədiyim bir neçə oyunçu var. Amma bu, mənim əlimdə olan bir şey deyil. Sənədlərlə bağlı problem yaranır. Belə olan halda, gərək, rəhbərlik bu işlə məşğul olsun.

- 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazandı. Həmin yığmadan əsas milli üçün namizədlər varmı?

- İlk olaraq, U-19 millisini və baş məşqçi İlqar Aslanovu bu münasibətlə təbrik edirəm. Çox əla nəticə əldə göstərdilər. Gözlənilməz oldu. Gənclərimiz yaxşı mübarizə apardılar. Bu komandanın gördüyü işləri daim izləyirik. Heyətdə perspektivli futzalçılar var. Gələcəkdə onları da əsas milliyə dəvət edəcəyik. İstedadlı uşaqlardır. Amma oradakı gənclərin əksəriyyəti futbol oynayırlar. Lakin bizə sırf futzalla məşğul olan uşaqlar lazımdır. Milli komandada rəqabət tamam başqa cürdür.

- Hazırda yalnız milli komandaya rəhbərlik edirsiniz. Hansısa klubdan təklif gəlsə, bunu dəyərləndirmək planınız var?

- Bununla bağlı planlar yoxdur. Həm milliyə, həm də kluba rəhbərlik etmək çox çətindir. Ona görə də hələ bu barədə düşünmürəm.

Seçilən
15
4
azertag.az

10Mənbələr