Azərbaycanın futzal millisi yanvarın 31-də Avropa çempionatının əsas mərhələsində növbəti oyununa çıxacaq.
QOL.az xəbər verir ki, millimiz səfərdə Xorvatiya ilə üz-üzə gələcək. Matçın hazırlığını Pula şəhərində davam etdirən komandanın təcrübəli üzvü Tofiq Mikayılov Azərbaycan Futzal Federasiyasına fikirlərini açıqlayıb:
“Bakıda iki gün ərzində 4 məşq keçirdik. Vaxt az olsa da, məşqçinin dediklərini yerinə yetirməyə çalışdıq. Dünən isə oyunun keçiriləcəyi arenada ilk hazırlığımızı reallaşdırdıq. Bugünkü məşqlə matça hazırlığı yekunlaşdıracağıq. Təbii ki, bu müddət ərzində daha çox taktiki planda tapşırıqları yerinə yetirdik. Qalır bunları oyunda tətbiq etmək.
Rəqibimizə gəldikdə, Xorvatiya millisinin gücü hər kəsə məlumdur. Müdafiədə və hücumda kompakt oynayırlar. Texniki baxımdan da heyət üzvləri seçilir. Sonuncu dünya çempionatının final mərhələsində də iştirak ediblər. Bir sözlə, qrupumuzun favoritinə qarşı oynayacağıq.
Öz komandamıza gəldikdə, yaxşı kollektivimiz var. Ölkə çempionatının oyunlarında seçilən, fərqlənən futzalçıların hamısı heyətə cəlb olub. Zədə səbəbindən 1-2 futzalçımız kənarda qalıb. Təcrübəli və gənclərin vəhdətindən formalaşıb komandamız. Rəqibin güclü olduğunu dərk edirik, ancaq biz də yaxşı nəticə qazanmaq istəyirik. Qalır oyun zamanı bu istəyimizi reallaşdırmaq. Baş məşqçi onları analiz edib, zəif və güclü tərəflərini deyəcək”.