Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində XİN rəhbərləri Ceyhun Bayramov və Baxtiyor Saidov arasında Azərbaycan-Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya aspektləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə görüş keçirilib.
Moderator.az xəbər verir ki, görüş zamanı regional və beynəlxalq əməkdaşlıq çərçivələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, CICA, eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəmdə olub.
Bayramov həmkarına regionda sülh səyləri, mövcud çağırışlar və davamlı sülh quruculuğu prosesinə təhlükələr barədə məlumat verib.
Nazirlər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Kompleks Tədbirlər Proqramı”nı da imzalayıb və təsdiq ediblər.