AZ

"Putin danışıqlardan qorxur və müharibəni uzatmaq üçün hər şeyi edir" - Zelenski

 
"Putinin güclü liderlərin həqiqi təzyiqinə qarşı durması üçün çox zəif və qorxaq ürəyi var..."
 
Ukrayna prezidenti Vladimir Zelenski yanvarın 28-də "X" sosial şəbəkəsində bildirib ki, hazırda real sülhə nail olmaq imkanı var, lakin Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putin müharibəni uzatmaq üçün hər şeyi edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb.
 
Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putin yanvarın 28-də yayımlanan müsahibəsində bildirib ki, əgər təcavüzkar ölkə olan Rusiya Federasiyası indi Ukrayna ilə danışıqlara başlasa, bu danışıqlar "qanunsuz" olacaq. Onun sözlərinə görə, Zelenski əvvəllər onunla danışıqları qadağan edən fərman imzaladığı üçün indi bunu ləğv edə bilmir.
 
Bunun səbəbi isə onun beşillik prezidentlik müddətinin başa çatmasıdır, yəni o, hüquqi baxımdan nə danışıqlar apara, nə də hansısa sənədi imzalaya bilər. Eyni zamanda, Putin hesab edir ki, Zelenskinin fərmanını Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ləğv edə bilər, lakin Kreml "bu yöndə hər hansı bir niyyətin olduğunu görmür".
 
Bununla yanaşı, Putin danışıqlar aparmaq üçün nümayəndələr ayırmağa hazır olduğunu bildirib. "Bu gün Putin bir daha sübut etdi ki, o, danışıqlardan və güclü liderlərdən qorxur və müharibəni uzatmaq üçün hər şeyi edir. Onun hər addımı və bütün riyakar hiylələri müharibəni sonsuz etmək məqsədinə xidmət edir", - Zelenski bildirib.
 
"2014-cü ildə Rusiya Ukraynaya qarşı hibrid müharibəyə başlayıb və 2022-ci ildə onu genişmiqyaslı işğala çevirib. İndi görürük ki, real sülhə nail olmaq mümkündür, lakin məhz Putin sülh əvəzinə ya genişmiqyaslı qətliamı davam etdirməyə, ya da hibrid hücumlarla yeni bir işğala hazırlıq məqsədilə fasilə əldə etməyə çalışır", - o, vurğulayıb.
 
Ukrayna prezidentinin sözlərinə görə, dünya liderləri keçmiş illərin və artıq siyasi səhnədən getmiş liderlərin səhvlərini nəzərə almalıdır. "Yəni Putin sülhü dağıtmaq üçün geniş imkanlara malikdir, lakin güclü liderlərin həqiqi təzyiqinə qarşı durması üçün çox zəif və qorxaq ürəyi var. Məhz buna görə sülhə inanmaq və onu güc yolu ilə yaxınlaşdırmaq üçün kifayət qədər cəsarəti olanlar birlikdə və qətiyyətlə hərəkət etməlidir. Həqiqi sülh yalnız Rusiyanı buna məcbur etməklə mümkündür", - Zelenski qeyd edib.
 
"Rusiya qazı təkcə pulla deyil, həm də müstəqillik və suverenliklə ödənilir..."
 
Zelenski bildirib ki, Slovakiya baş naziri Fitsonun ABŞ və digər tərəfdaşlar əvəzinə Rusiyanı seçməsi səhvdir, halbuki həmin tərəfdaşlar Slovakiyanı qazla təmin edə bilər.
 
Zelenski bununla Fitsonun onu "Slovakiyanın düşməni" adlandırmasına cavab verib. Fitso iddia edib ki, Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılması Slovakiyaya zərər vurur. Onun sözlərinə görə, Zelenskinin "Azərbaycan qazı" barədə danışmaqdan başqa çarəsi qalmayıb.
 
Slovakiya baş naziri bildirib ki, Bratislava üçün "ən real variant" məhz Rusiya qazının tranzitinin bərpasıdır. Onun fikrincə, Slovakiya Rusiya qazını Rusiya-Ukrayna sərhədində alıb, onu "Slovakiya qazı" kimi Ukrayna ərazisindən keçirmək variantını nəzərdən keçirir.
 
"Slovakiya baş nazirinin nəzərinə: bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp güclü bir qərar qəbul edərək Amerikanın maye qaz ixracını, xüsusilə də Avropaya ixracını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradıb. Bu, Avropa üçün təhlükəsizlik və sabitlik deməkdir. Amerikanın maye qazı üçün pul ödənilməlidir, lakin Rusiya qazı təkcə pulla deyil, həm də müstəqillik və suverenliklə ödənilir.”
 
Ukrayna prezidentinin sözlərinə görə, Avropada bir çox ölkələr bu vəziyyətdən keçib və müstəqilliklərini qorumağı seçib. "Amma cənab Fitso bunu etmədi. O, Amerika və digər tərəfdaşlar əvəzinə Moskvanı seçir, halbuki həmin tərəfdaşlar Slovakiyanı kommersiya şərtləri əsasında qazla təmin edə bilər. Bu, onun səhvidir. Avropada hər kəs uzaqgörən olmalı və xalqlarımızı gücləndirən münasibətləri inkişaf etdirməlidir", - Zelenski vurğulayıb.
Seçilən
9
50
moderator.az

10Mənbələr