Xəbər verildiyi kimi yerli mətbuatda Yunanıstandakı Azərbaycan səfiri Arif Məmmədov və yaxın dostu, ikinci katib Qafqaz Aslansoyun səfirlikdə birinci katib olmuş Rəhman Şahhüseynlini döyüdüklərinə dair məlumatlar yayılmışdı. Qeyd edək ki, Rəhman Şahhüseynli 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib. Amma mediada səfirlikdə baş verən qalmaqala görə onun vəzifəsindən azad olunması iddia olunur.
Modern.az-ın məlumatına görə, o, "Bizim.media" saytına açıqlamasında səfir Arif Məmmədovla aralarında ən kiçik belə mübahisənin baş vermədiyini deyib:
“Daim qarşılıqlı hörmət və işgüzar münasibət içində dövlətimiz üçün birgə çalışmışıq. Yerdə qalanlar isə xırda, mənasız detallardır. Bilənlər bilir, bilməyənlər üçün qeyd edim ki, bütün məsələlərin kökündə balaca, dəcəl bala dayanır. Necə deyərlər, “dava, yorğan davasıdır”. Yoldaşımdan rəsmi ayrıldıqdan sonra, bu balaca “atamla yaşamaq istəyirəm” deyə gəlib qayıtmırdı. Hər dəfəsində bir təhər yola gətirib geri göndərirdim. Sonuncu dəfə 2021-ci ildə gəldi ki, “mən heç vaxt qayıtmayacam.” Gəlişinin bədəlini ata ödəməli oldu. Oğulun dirəşib qayıtmaması ataya “inzibati xəta” hesab olundu. Buna görə işdən tənbeh aldım. İş həyatım boyu aldığım yeganə və ən şərəfli “töhmət” idi. O vaxtdan bəri illərdir ki, keçmiş qohumlar XİN-ə və digər qurumlara dayanmadan yazır, işimi hədəf alırdılar. Uşaqla bağlı məsələlərdən məsul olan bəzi şər qüvvələr və işdəki qısqanclar da keçmiş qohumlara qoşulub şər-böhtan və “danos yarışına” girincə, XİN-ə çağrıldım. İzahatımı yazdım və Rəhbərliyin istənilən qərarına hörmətlə yanaşacağımı bildirdim. Rəhbərlik də öz növbəsində, dövlət qurumunun nüfuzuna yersiz xələl gəlməməsi üçün müvafiq qərarını verdi. Hörmətlə yanaşmaq lazımdır”.
Rəhman Şahhüseynli onu da qeyd edib ki, işinə xitam verildiyi vaxt, yəni ötən ilin sentyabrında məhkəmə qətnaməsi ilə uşaq onun himayəsinə verilib:
“Beləcə, daha böyük vəzifəyə layiq görülmüş oldum, atalıq vəzifəsi. Allah bütün balaları qorusun Hər şey balalara qurban!”.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Xarici İşlər Nazirliyi də açıqlama verib. Qurumdan bildirilib ki, Rəhman Şahhüseynli adlı əməkdaş həqiqətən də, Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində birinci katib vəzifəsində çalışıb:
“Onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparılıb.
Bir neçə ay ərzində, Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynliyinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir. Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib.Ümumilikdə, qeyd edilən keçmiş əməkdaşın XİN-də mərkəzi aparatında da çalışdığı müddətdə bəzi xətalara yol verdiyi, bunun nəticəsində ona 2021-ci ilin noyabr ayında töhmət verildiyi məlumdur”, - deyə XİN-in məlumatında qeyd edilib.