AZ

“Neftçi”nin baş məşqçisinin ürəyindən keçən hücumçu - O, buradadır!

«Araz-Naxçıvan»ın üç turluq məğlubiyyət seriyası bitdi.

«Sabah», «Qarabağ» və «Zirə»yə uduzan komanda «Neftçi» ilə qarşılaşmada gedişatı öz xeyrinə dəyişə bildi.

Elmar Baxşıyev matçdan sonra mediadan gileyləndi.

«Mətbuat bizi "qara zolağ"a salmağa çalışırdı. Bu zolaq yoxdur. Nə mən, nə də komanda təzyiq altındayıq. Futbolda udmaq necə əhəmiyyətlidirsə, məğlubiyyəti də gözləməlisən» açıqlaması verdi.

Mən bilmirəm Baxşıyev konkret hansı mətbu orqandan danışır, kimə eyham vurur, düşünürəm ki, baş məşqçi fikirlərinə bir qədər ehtiyatla yön versə, daha yaxşı olar.

«Araz-Naxçıvan» uduzduğu oyunlardan yalnız «Zirə» səfərində təsir bağışlamışdı. Az epizod yaratmışdılar. Ondan qabaqkı duellərdə isə minimum 4 xal əldə etməyə layiq idilər.

Elmar Baxşıyevin öz yanaşması var. Elə bu cür də getsin o yolla.

Kim «Araz»ın baxımsız futbol nümayiş etdirdiyini, sadəcə, nəticəyə kökləndiyini deyirsə, nə Baxşıyev bu iddialara diqqət ayırsın, nə də mən.

Həmin şəxslərin futboldan qətiyyən başı çıxmır, belələrinə baş qoşmaq mənasızdır.

«Araz-Naxçıvan» Mərdəkanda daha həvəsli idi qazanmağa. Göstərdilər ki, 11 nəfərin 11-i də qələbə üçün can qoyarsa, istədikləri nəticəni əldə etməyə qadirdirlər.

Felipe Santos ötən üç turda olduğu kimi, yenə qol vura bilmədi. İşi onun həmyerliləri - braziliyalılar bitirdi.

Vanderson Melonun fərqlənməsi bir qədər gözlənilməz oldusa, Ramon Maçadonun Azərbaycandakı ilk komandasının qapısına yol tapması bir qədər fərqli hisslər yaratdı.

Maçado fərqlənməsinə qətiyyən sevinmədi, özünü sakit apardı, bununla da «Neftçi»yə hörmətini ifadə etdi. Qolun vurulma formasına baxsaq,

Maçado hər iki klubun tərəfdarları tərəfindən alqışlanmalıdır. Topa incə və ustacasına toxunuşu qola gözəllik qatdı.

O anda, yəqin ki, Samir Abasovun ürəyindən bir arzu keçdi - kaş mənim də belə hücumçum olardı…

MUSA

Seçilən
6
50
sportinfo.az

10Mənbələr