AZ

“Ehtiyatda qalmaq problem deyil, vəziyyətimdən razıyam” – “10 nömrə”

“Əsas heyətdə kimin yer almasının önəmi yoxdur. Önəmli olan komandamızın uğurlu nəticələr qazanmasıdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in yarımmüdafiəçisi Kərim Lkoça deyib.

Mövsümün əvvəlində böyük ümidlərlə komandaya cəlb olunan və 10 nömrəli formanı daşıyan mərakeşli Gəncə təmsilçisinin əsas heyətindəki yerini itirib.

Kərim geridə qalan 20 turun hamısında “23-lük”də yer alsa da, onların yalnız 10-da ilk dəqiqələrdən meydana çıxıb. 9 halda oyuna sonradan qoşulubsa, 1 dəfə sona qədər ehtiyatda qalıb. Məhsuldarlıq göstəricisi 1 qol və 2 assistdir.

Azərbaycan kubokunda 2 dəfə şans qazanan yarımmüdafiəçi burada 3 qolla diqqət çəkib.

Lkoça üzləşdiyi durumdan narahat deyil:

“Önəmli olan baş məşqçidən özümə qarşı inam görməkdir. Bunu hər zaman hiss edirəm.

Daha yaxşı olmağım üçün kömək edir, daim öz məsləhətlərini verir. Ona görə də narahatlıq yoxdur, vəziyyətdən razıyam.

Daim əsas heyətdə yer almamağıma gəlincə, taktika və heyət rəqiblərin oyununa əsasən qurulur. Bəzən “11-lik”də oluram, bəzən sonradan meydana daxil oluram.

Ehtiyatda qalmaq problem deyil. Əsas odur ki, şans qazanıram, əlimdən gələni etməyə çalışıram və bunu hər kəs görür”.

HƏBİB

Seçilən
5
50
sportinfo.az

10Mənbələr