Əsas hədəfimiz qrup mərhələsindən pley-offa yüksəlmək olacaq.
Bunu “Report”a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov deyib.
Qurum rəsmisi yeniyetmələrdən ibarət basketbol millilərimizin Avropa çempionatının qrup mərhələsindəki rəqiblərini dəyərləndirib:
"Qadınlardan ibarət U-16 və U-18 yığmalarımız iki il ardıcıl C divizionunda uğurlu çıxışla yadda qaldılar. Artıq düşünürük ki, B divizionunda gücümüzü sınamağın vaxtıdır. 16 yaşadək oğlan basketbolçulardan ibarət komandamız isə C divizionunda qüvvəsini sınayacaq. Açığı, bu yerdə olmaq istəməzdik. Amma əminəm ki, U-16 gələn il B divizionuna yüksələcək".
O, millinin yaxşı təcrübə qazanacağını vurğulayıb:
"B və C divizionlarını müqayisə etmək istəmirəm. Çünki "B"də həqiqətən güclü kollektivlər yer alıb. Millilərimizin əsl gücünü B divizionunda görəcəyik. Ola bilsin, "C"dəki kimi uğurlu nəticələr olmasın. Lakin yaxşı təcrübə qazanacağımıza inanıram. Əsas hədəfimiz qrup mərhələsindən pley-offa yüksəlmək olacaq. Bu, bütün yaş qruplarına aiddir. Ümid edirik ki, komandalarımızın hər biri öz qrupunda bizə qələbə sevinci yaşadacaqlar".
Qeyd edək ki, oğlanlardan ibarət U-18 yığması B Divizionunun B qrupunda Rumıniya, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya ilə üz-üzə gələcək. Qarşılaşmlar 25 iyul - 3 avqust aralığında Rumıniyanın Piteşti şəhərində təşkil olunacaq.
Qızlardan ibarət U-18 B Divizionunun B qrupunda Bosniya və Herseqovina, Litva, Kosovo, Ukrayna və İslandiya yığmaları ilə qarşılaşacaq. Matçlar iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində gerçəkləşəcək.
Oğlanlardan ibarət U-16 C Divizionunun B qrupunda Lüksemburq, Andorra, San Marino və Cəbəllütariq komandaları, eyni yaş qrupunda qızlar B Divizionunun B qrupunda Slovakiya, İsveç, Niderland və Lüksemburq yığmaları ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar müvafiq olaraq iyulun 5-13-ü aralığında Albaniyanın paytaxtı Tiranada və avqustun 20-29-da Türkiyənin İstanbul şəhərində baş tutacaq.