AZ

Masaya 1919-cu il xəritəsi qoyulsa, Aİ missiyası harada dayanacaq, Makron və “bacıları”?!

Bəlkə də bu yazının son nöqtəsi qoyulanda, yaxud da dərc olunandan bir neçə saat sonra Brüssel Ermənistanla bağlı növbəti qərarını verəcək.

Artıq şəkk-şübhə qalmadı, Avropa İttifaqı “qulağından tutub” ora-bura dartdığı, plastilin kimi istənilən fizura çevirdiyi Paşinyan hökumətini əl oyuncağına çevirərək maraqlarını reallaşdırmağa çalışır. Qurumun Ermənistandakı “mülki” adında yarımhərbi, cəsus-kəşfiyyat şəbəkəsinin ömrü daha iki il müddətinə uzadılacaq. Amma bu, o demək deyil ki, Avropa İttifaqı iki illə kifayətlənəcək.

AVROPA İTTİFAQI.jpg (101 KB)

Ermənistan hələ indi Avropa İttifaqına üzvlüklə şirnikləndirilib. Hələ bu “təcrübə siçanı” olan kadastra sənədi olmayan ölkəcikdən istifadə ilə bağlı Qərb təsisatlarının yeni-yeni planları ortaya çıxır. Bir müddət əvvəl Ermənistan hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı rəsmən qərarını elan etdi, plan təsdiqləndi. Odur ki, hələ illərlə bu missiyanın söhbəti gedəcək. Nikol Paşinyanın mövqeyi bundan ibarətdir ki, Aİ missiyası yalnız delimitasiya olunmayan ərazilərdə qalmalıdır. Bu da o deməkdir ki, Azərbaycanla Ermənistan arasında razılaşdırılan 13 km-dək sərhəd var və hələ bundan sonra 994 km sərhəd xətti razılaşdırılmalıdır. Bəlkə də on illərlə davam edəcək prosesdən söhbət gedir. Əgər dost Gürcüstanla belə, proses indiyədək başa çatmayıbsa, Ermənistan mövzusunda mübahisəyə yer qalmır. Bu da o anlamı verir ki, Aİ-nin missiyası Ermənistan ömürlük gəlib. Məsələn, bu gedişlə 2035-ci ildə də mətbuatda “Aİ missiyası daha 10 il Ermənistanda qalacaq” sərlövhəli yazılar dərc oluna bilər. Kəsəsi, Ermənistan rəhbərliyi dirildə bilmədiyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əvəzində Aİ-nin hərbi-cəsus şəbəkəsini ərazisində möhkəmləndirməyə çalışır. Bu, həm də gələcəkdə İran və Rusiyaya qarşı xəyanətlərdə rəsmi İrəvan üçün nicat yolu sayıla bilər.

2024-cü ilin aprelində olduğu kimi, Brüssel yenə də “Ermənistanı xilas layihəsi”ni müzakirəyə çıxaracaq. Amma qonşularına qarşı ərazi iddialarını əsas qanununa yazmış bu, terroru və işğalı dövlət siyasətinə çevirmiş ölkəni kimdən xilas etmək istəyirlər, bilinmir. Azərbaycan və Türkiyə faktiki olaraq Ermənistanı uçuruma yuvarlanmaqdan xilas etmək istəyir, 3+3 formatında əməkdaşlıq, kommunikasiyaların blokdan çıxarılması, Zəngəzur dəhlizinin açılması məhz buna hesablanıb. Amma Ermənistan rəhbərliyi boynuna keçirilmiş buxovun sahibinin ağzına baxır, ortaya müstəqil iradə qoya bilmir.

İLHAMİ SON.jpg (55 KB)

Azərbaycan Prezidenti xəbərdarlıq edib: “Avropa İttifaqı əvvəllər olduğu kimi, Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır!” İşğal illərində Qarabağ məsələsi ilə guya Minsk Qrupunun məşğul olduğunu iddia edib, yaxasını kənara çəkən Aİ bu gün niyə özünün yaxa-başını cırır, hərəsi bir binokl götürüb Azərbaycan tərəfdə səflənirlər, anlamaq olmur. “Yel əsib, qoz tökülüb”, ya nədir, niyə özlərinə əl qatıblar? Xəbərdarlıq edilib: “Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar!” Əksini edəcəklərsə, peşman olacaqlar! Dövlət başçısının dediyi kimi, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay Ermənistanda qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin sonradan bu missiyanın həm müddəti uzadıldı, həm də sayı artırıldı və Azərbaycanla heç kim məsləhətləşmədi. Bu, anormal siyasətin davamı gələcəksə, o halda Aİ sülh prosesinə qəsd etmiş sayılacaq. Bundan sonra kimsə Bakı və İrəvana “sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar”, məzmunlu xitablar eləməsin. Sülhü pozanlar məhz onlardır, Paşinyanı öz oxuduğu mahnılara oynadanlar!

Azərbaycan işğala öz gücü ilə son qoyan qüdrətli orduya sahib güclü dövlətdir. Odur ki, ölkəmizlə kimlərsə 200-300 binokllu ilə hədə-qorxu gəlməyə cəhd eləməsin. Ona qalsa, ABŞ-nin İrəvandakı səfirliyində azı 2 min amerikalı toplaşmışdı Qarabağın işğalda olduğu illərdə, həmin mülki geyimlilər, əslində isə hərbçilər, kəşfiyyatçılar Azərbaycan ordusunun Xankəndiyə yolunu kəsə bildilərmi? Yox! Odur ki, Zəngəzur dəhlizinin önünü kəsməyə çalışan Avropa İttifaqının Ermənistandakı missiyası da heç nəyə nail ola bilməyəcək! Fransanın Zəngəzur dəhlizində gözü var, bu, şübhəsizdir. Aİ-nin Ermənistandakı missiyasının başında dayanan da məhz Makron Fransasıdır. Azərbaycanı Yeni Kaledoniyaya görə şərləməkdən belə, utanmayan fransız hakimiyyəti utanıb-qızarmadan emissarlarını Azərbaycanla şərti sərhədlərə göndərir, eskalasiyanı tətikləməkdən ötrü fitnə-fəsad hazırlayır. Fransa bölgədə uduza-uduza gedir, ona görə də Azərbaycanın qələbələrini həzm edə bilmir. Xatırlayırsınız, Makronun “TIR siyasəti”ni?..Laçın yolu ilə keçib, Xankəndidəki quldurlara silah, yanacaq daşımaq istəyirdilər. Bu gün onların dəstək verdiyi şəxslərin bir qismi Bakıda – Ədalət Məhkəməsində cavab verirlər. Fransa və dostlarının “tüstüsü təpəsindən çıxır”, qəzəbini soyutmaqdan ötrü aranı qarışdırmağa çalışır. Prezidentin dediyi kimi “peşman olacaqlar!” Fransanın və digərlərinin bölgə ilə bağlı bütün planları qursağında qalacaq. İlham Əliyev qətiyyətlidir. Dünən bir daha bəyan etdi: “Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.

ZENGEZUR.jpg (49 KB)

Bəli, dövlətimizin başçısı revanşa cəhd edənlərə və havadarlarına artıq 1920-ci illəri xatırladır. Kifayət qədər ciddi məsələdir, biriləri bunu anlasınlar! Azərbaycan Prezidenti qarşı tərəfin cığallığına cavab olaraq “Dəmir Yumruğu”u masaya vurarsa, 1919-cu ildə Fransada dərc olunmuş Azərbaycanın 114 min kv.km-lik xəritəsinə əsasən ədalətin bərpa olunmasını tələb etsə, Makron və “bacıları” onda nə edəcəklər?!

XARİTE.jpg (1.09 MB)

Yaxud Parisdə təsdiq olunmuş xəritəmizlə delimitasiya və demarkasiya həyata keçirilsə, Avropadan gələn binokllular harda dayanacaqlar, heç düşünüblərmi?! Sonra gec olacaq!

Mənbə: musavat.com

Seçilən
6
50
musavat.com

10Mənbələr