Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyəti daha iki il – 2027-ci ilin 19 fevral tarixinə qədər uzadılıb. Bu, 17 maddəlik sülh sazişi mətnindəki “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” müddəasının İrəvan tərəfindən yerinə yetirilməməsi – imtina edilməsi deməkdir. Bu da sülh sazişinin imzlanmasını növbəti dəfə sual altına salır.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Aİ qüvvələrini sərhəddə saxlayan Ermənistan iki istiqamətdə səylərini artıracaq.
Onun sözlərinə görə, birincisi sülh sazişinin razılaşdırılmış 16 maddə üzrə imzalanmasını aktuallaşdırmasıdır:
“Paşinyanın Bakıya ünvanladığı açıq təkliflərdə “90 faiz razılaşdırılmış sənədi imzalamaq” qeydi də yer alırdı və rəsmi İrəvan bununla Bakını “sülhdən yayınan” tərəf kimi təqdim etməyə çalışır. “Razılaşdırılmış maddələr” mövzusunu davam etdirən Ermənistan ATƏT-in Minsk qrupunun de-yure ləğv edilməsi məsələsini də “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” tələbi ilə əvəzləməyə çalışacaq”.
Şərhçi qeyd etdi ki, ikinci məsələ Aİ qüvvələrinin fəaliyyətini sərhədin delimitasiyası ilə eyniləşdirməyə çalışması ilə bağlıdır:
“Ermənistan təklif edir ki, Aİ missiyasını sərhədin delimitasiya edilmiş hissəsindən çıxarsın. Bu, həm Bakının tələbi qarşısında kontr-tələbdir, həm də delimitasiyanı öz maraqlarına uyğun reallaşdırmaq cəhdidir. Bakı “üçüncü ölkələrə məxsus qüvvələri” sərhəddə istəmirsə, bütün delimitasiyanın Ermənistanın maraqlarına, mövcud prinsiplərə uyğun aparılmasını sürətləndirməlidir, əks təqdirdə, “müşahidə missiyası”nın fəaliyyətini tələb kimi qoymamalıdır”.
A.Nərimanlı vurğulayıb ki, 2025-ci ildə də sülh sazişi danışıqlarında tərəflərin uzlaşma imkanları geniş olmayacaq.
Firuzə Əliyeva