"Bu bəyanat erməni xalqına qarşı bağışlanmaz və görməzdən gəlinməz bir xəyanətdir..."
Ermənistan baş naziri Nikol Paşinyan 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi qəbul edilməsinə şübhə ilə yanaşmağın zəruriliyini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyınin "Medya Günlüğü" nəşri yazıb.
Ermənistanın keçmiş xarici işlər naziri isə bu bəyanatı xəyanət adlandırıb və onu görməzdən gəlməyin mümkün olmadığını vurğulayıb.
Paşinyan ötən həftə İsveçrədə erməni diasporu nümayəndələri ilə görüşü zamanı bu məsələ ilə bağlı fikirlərini bölüşüb. Amerikanın "Asbarez" qəzeti onun sözlərinindəm iqtibas gətirib. "Biz erməni soyqırımı məsələsini yenidən nəzərdən keçirməliyik."
Baş nazir çıxışında bu sualları irəli sürüb: "Biz baş verənləri və onların səbəblərini anlamağa çalışmalıyıq. Biz bu hadisələri necə və kimlərin köməyi ilə qəbul etdik? Necə oldu ki, 1939-cu ildə erməni soyqırımı məsələsi gündəmdə olmayıb, amma 1950-ci ildə qəfildən aktuallaşıb? Biz bu məsələlərlə məşğul olmalıyıqmı? Öz kimliyimizə nəzarət edirikmi?"
"Paşinyanın sözləri erməni cəmiyyətində narazılıq yaradıb..."
Paşinyanın bu bəyanatı erməni müxalifəti və diasporu arasında geniş rezonans doğurub. "Asbarez" qəzeti yazır ki, "Paşinyan erməni soyqırımı məsələsini şübhə altına almaqla və illərdir aparılan beynəlxalq tanınma kampaniyasını sual altında qoymaqla kəskin tənqidlərə məruz qalıb."
"Agos" qəzeti isə bildirir ki, "Erməni İnqilabi Federasiyası" baş nazirin bu çıxışını sərt tənqid edərək bəyanat yayıb: "Erməni soyqırımının mahiyyətini təhrif etmək, cinayətin miqyasını kiçiltmək, erməni soyqırımı məsələsinin beynəlmiləlləşdirilməsinə qarşı kampaniya aparmaq və müxtəlif spekulyasiyalar irəli sürmək ilk növbədə günahsız qurbanların xatirəsinə hörmətsizlikdir."
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan isə "CivilNet" üçün verdiyi açıqlamada Paşinyanın mövqeyini tarixi revizionizm və mənəvi imtina kimi qiymətləndirib:
"Bu, sadəcə, tarixi məsələlərə yenidən baxmaq deyil, bu, bir imtinadır. Baş nazir olaraq Paşinyan Ermənistanın suverenliyini, xalqının kimliyini və irsini qorumaq vəzifəsini daşıyır. Lakin onun bu bəyanatı məhz həmin məsuliyyəti sarsıdır", - o, qeyd edib.
"Soyqırımın əhəmiyyətini açıq şəkildə kiçiltmək Ermənistanın ədalət uğrunda mübarizədəki mövqelərini zəiflədir və tarixi həqiqəti inkar etməyə çalışanları ruhlandırır. Bu, bağışlanmaz və görməzdən gəlinməz bir xəyanətdir", - Vardanyan iddia edib.