AZ

Kişilərdə sperma sayı 50 faiz azalıb: Sperma sağlamlığını qorumaq üçün 8 qızıl qayda

Kişilərdə sperma sayı 50 faiz azalıb:

Son illərdə sonsuzluq bütün dünyada artan sağlamlıq problemlərindən birinə çevrilib. Statistikalar göstərir ki, hər 100 cütlükdən 17-si bu problemlə qarşılaşır və bunun 40-50 faizi kişi faktorundan asılıdır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, son 50 ildə sperma sayı dünya miqyasında təxminən 50% azalıb və bu tendensiya davam etməkdədir.

Mütəxəssislər bildirirlər ki, ətraf mühitin çirklənməsi, qeyri-sağlam qidalanma və həyat tərzi dəyişiklikləri sperma sayına və keyfiyyətinə ciddi təsir göstərir. Plastik qablaşdırmalar, kimyəvi tərkibli qidalar və ağır metallar kişi reproduktiv sağlamlığı üçün risk yaradır. Bundan əlavə, siqaret, spirt və stress də sperma keyfiyyətini aşağı salan əsas amillərdən biridir.

Elektron cihazlardan yayılan elektromaqnit dalğalar və yüksək temperatur da sperma DNT-sinə zərər verə bilər. Laptopun uzun müddət qucaqda saxlanılması və isti mühitlərdə çox vaxt keçirmək sperma istehsalını zəiflədə bilər. Buna görə də, kişilərin bu risk faktorlarını minimuma endirməsi vacibdir.

Sperma keyfiyyətini artırmaq üçün mütəxəssislər Aralıq dənizi pəhrizinə üstünlük verməyi tövsiyə edirlər. Bol meyvə, tərəvəz, sağlam yağlar və tam taxılların istehlakı sperma sağlamlığını yaxşılaşdırır. Eyni zamanda, qablaşdırılmış qidalardan və süni əlavələrdən uzaq durmaq vacibdir.

İdeal çəkinin qorunması sperma istehsalında mühüm rol oynayır. Artıq çəki hormonal balansı poza və testosteron səviyyəsini aşağı sala bilər. Daimi idman oksidləşdirici stressi azaldaraq sperma keyfiyyətini yüksəldir.

Lakin həddindən artıq ağır idman hərəkətləri, xüsusilə varikoz problemi olan kişilər üçün risk yarada bilər. Siqaret və alkoqoldan imtina etmək sperma hərəkətliliyini artıraraq məhsuldarlığı yüksəldir.

Laptopu qucaqda istifadə etmək əvəzinə, masada yerləşdirmək məsləhət görülür. Həmçinin, sauna və isti vannalar kimi yüksək temperatur mühitlərindən uzaq qalmaq sperma istehsalına müsbət təsir göstərir.

Xroniki stress hormon balansını pozaraq sperma istehsalını zəiflədə bilər. Mütəxəssislər stressi azaltmaq üçün meditasiya, idman və psixoloji məsləhət üsullarından istifadə etməyi tövsiyə edirlər.

Sonsuzluq problemi yaşayan kişilər həyat tərzlərini dəyişməklə reproduktiv sağlamlıqlarını yaxşılaşdıra bilərlər. Bu təkliflərə əməl etmək kişi məhsuldarlığını artıraraq ata olmaq şansını yüksəldə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
5
9
e-saglam.az

10Mənbələr