“Razıyam ki, bir çox oyunlarda komandamız yaxşı oyun nümayiş etdirdi. Bəlkə də layiq olmadığımız məğlubiyyətlər aldıq. Amma qeyd etdiyim kimi, rəqibə şərait yaradırsansa, o, səni cəzalandıracaq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Julio Romao UEFA Avropa Liqasının VIII turunda Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
Braziliyalı yarımmüdafiəçi komandasının mənfi göstəricilərə malik olmasına baxmayaraq, Yunanıstan təmsilçisindən xal almağı hədəflədiyini açıqlayıb: “Sabahkı matçın taleyini müəyyən detallar həll edəcək. Ümumi turnir cədvəlinə nəzər salsaq, rəqibin daha yaxşı mövqedə qərarlaşdığını görürük. Onlar növbəti mərhələyə çıxmaq üçün mübarizə aparırlar. Bizim turnir cədvəlindəki vəziyyətimiz yaxşı deyil. Baxmayaraq ki, aşağı pillələrdəyik, vəziyyəti yaxşılaşdırmaq üçün sabah əlimizdən gələni edəcəyik. Turnir cədvəlində mövqeyimizdən asılı olmayaraq bizim üçün hər bir matç önəmlidir. Hər oyuna müsbət nəticə qazanmaq üçün çıxırıq. Sabahkı oyun da istisna olmayacaq. Çalışacağaq ki, daha yuxarı pillələrdə qərarlaşaq”.
27 yaşlı oyunçu Avropa Liqasında Ağdam klubunun cari mövsüm nəticələrinə və final matçından gözləntiləri barədə suala bu cür reaksiya verib: “Mənə elə gəlir ki, qrupdakı mövqeyimiz ədalətlidir. Çünki futbolda və ümumiyyətlə idmanda səni yaralamağa şərait yaradırsansa, rəqib bunu edəcək. Sabah sonuncu oyundur. Turniri layiqli bitirmək üçün əlimizdən gələni edəcəyik".
Romao "Olimpiakos"un oyunçularından Ayub El-Kaabi və Rodineyi fərqləndirib: "Ayub çox ağıllı oyunçudur. Digər oyunçu Rodineydir. Onu da braziliyalı olduğu və "Flamenqo"da oynadığı üçün tanıyıram. Xüsusi olaraq, bu iki futbolçunu qeyd edə bilərəm”.
Qeyd edək ki, bu gün keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.