İlqar Hüseynli: "Nəqliyyat sahəsi ilə bağlı yeni layihə təqdim olunub"
Bakı şəhərində nəqliyyat məsələləri ilə bağlı dövlət proqramı hazırlanır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı deyib.
Ölkə başçısı bildirib ki, nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı: "Biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb”.
Maraqlıdır, hazırlanacaq yeni dövlət proqramı tıxac və nəqliyyat sahəsində yaşanan problemlər həll ediləcəkmi?
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a şərhində bildirdi ki, nəqliyyat sahəsi ilə bağlı yeni layihə təqdim olunub. Mehdiabaddan 28 Maya tramvay xəttinin çəkilişi nəzərdə tutulur. Bu nəqliyyat sxeminin metro ilə uzlaşdırılması gözlənilir: "Bununla yanaşı, qarşıdakı illərdə Bakıda 10 yeni metrostansiyasının tikintisi gözlənilir. Xocasən istiqamətində sərnişindaşımanın intensivləşdirilməsi gözlənilir. Bütün bunlar Bakı şəhərinin nəqliyyat yükünü azaldacaq. Məlumdur ki, Bakıda böyük tədbirlər həyata keçirilir. Bununla yanaşı, velosiped zolaqlarının da sayı artır. Bir sözlə, nəqliyyat sektorunda yaşanan problemlər həll olunur və olunacaq".
Həmsöhbətimiz onu da əlavə etdi ki, nəqliyyat məsələlərinə həsr olunan müşavirədə Prezident vətəndaş cəmiyyəti institutlarına da çağırış etdi və dedi ki, məlum məsələ ilə bağlı təkliflər səsləndirilsin: "Hesab edirəm ki, vətəndaş cəmiyyətləri və rəhbərlik etdiyim Sosial Strateji Tədqiqatlar və Araşdırmalar İctimai Birliyi məlum məsələ ilə bağlı öz təkliflərini Rəqəmsal İnkişaf Nazirliyinə təqdim edəcək"
Günel CƏLİLOVA