“Qarabağ”ın Avropa Liqası Liqa mərhələsindəki 8-ci rəqibi tanış komandadır. Doğrudur, 2 mövsüm öncə Pireydə “Köhlən atlar”dan 3 cavabsız qol yeyən “Olimpiakos” bu tanışlıqdan heç də məmnun qalmamışdı.
Bu yunan klubunu tanısaq da, İdman.biz 100 yaşlı rəqibin dünəninə və bu gününə nəzər salmaq qərarına gəlib.
1925-ci ildə yaradılan klub martın 10-da 100 yaşını qeyd edəcək. Bundan 6 il sonra ölkəsinin ilk çempionluğunu qazanan “Olimpiakos” indiyədək bu titulu Yunanıstanda rekord sayda - 47 dəfə qazanıb. Son çempionluq 2021/2022-ci illər mövsümündə olub. Ölkə kubokunda da qalibiyyət rekord saydadır – 28 dəfə.
Son çempionatı Pirey təmsilçisi 3-cü pillədə başa vurub. Hazırda isə cari çempionatda 20 oyuna 44 xalla 1-ci pillədədir və ən yaxın rəqibi AEK-i 4 xal qabaqlayır.
Beynəlxalq çıxışların keçmişinə baxsaq, komandanın ən yüksək nəticəsi 2 dəfə - 1992/1993 və 1998/1999-cu illərdə Çempionlar Liqasının 1/4 finalına çıxması olub. Ancaq ötən ilin mayında klub tarixinin ən böyük uğuruna imza atdı. Konfrans Liqasının finalına yüksələn Yunanıstan təmsilçisi həlledici matçda İtaliya “Fiotentina”sına qalıb gələrək turnirin qalibi oldu.
Hazırkı qitə mövsümünə komanda məğlubiyyətlə başlayıb. “Olimpiakos” Avropa Liqası Liqa mərhələsinin ilk turunda səfərdə “Lion”dan 2 cavabsız qol yeyib. Bu, komandanın turnirdə hələlik ki, son məğlubiyyətidir. Sonrakı 6 oyunda 3 qələbə və 3 heç-heçə var. 2-ci turda Pireydə qapısında 3 cavabsız top görən “Braqa” yunan klubunun qarşısında aciz qalıb. 3-cü və 7-ci turlarda “Olimpiakos” İsveç və Portuqaliya səfərlərindən “Malmö” və “Portu” üzərində 1 qollu qələbələrlə dönüb. Digər matçlarda “Reyncers”lə 1 qollu, FCSB və “Tvente” ilə qolsuz heç-heçə ilə ayrılıb. Hazırda 12 xalla 12-ci pillədə olan yunanlar növbəti mərhələyə artıq vəsiqəni özünə təmin edib. Ancaq yolu pley-offdan deyil, birbaşa 1/8 finaldan davam etmək ümidində olan klub “Qarabağ”dan 3 xal qopararaq, həmin gün digər matçların da onun üçün sərfəli nəticə ilə tamamlanması arzulayır.
Vüqar Məmmədov
İdman.biz