Avropa Liqası Liqa mərhələsində öncəki oyunlarda statistik göstəricilərin yekun nəticələrdə əks olunmasına nail ola bilməyən “Qarabağ” bu dəfə “Olimpiakos”la matçda bu sindromu sındıra biləcəkmi?
Rəqəmlər buna qədər “Qarabağ”a kömək etməsə də, İdman.biz yenə də komandamızın rəqibi nədə üstələdiyini, nədə geri qaldığını nəzərdən keçirib.
Hər iki komanda 7 oyunda rəqib qapısına 6 top vursa da, biri 12 xalla 12-ci yerdədir, digəri 3 xalla 34-cü. Hücum nəticələri bərabər olsa da, müdafiə nəticələrində yerlə-göy qədər fərq var. 3 qol buraxmış biri Avropa Liqası Liqa mərhələsinin ən yaxşı müdafiəsinə malikdirsə, 17 qol buraxmış digəri 36 komanda arasında bu göstəricidə 35-cidir. “Qarabağ” bütün oyunlarda qol buraxdığı halda, “Olimpiakos” 5 “quru” matç keçirib.
Liqa mərhələsinin autsayderlərindən olan “Qarabağ” 7 oyuna 289 hücumla turnirin 3-cü göstəricisinə malikdir. Bundan 50 hücum az edən “Olimpiakos” turnir cədvəlində olduğu kimi burada da 12-cidir.
Zərbə sayları bir o qədər də çox olmayan iki klub arasında elə bir fərq yoxdur. “Olimpiakos”un 80 zərbəsindən 22-si qapı çərçivəsinə yönəlib, “Qarabağ”da 79-dan 21-i.
Pireylilər oyunlarda yarıbayarı topa sahibolmaya malik olduğu halda, ağdamlılar daha üstündürlər – 54,1 faiz.
Ötürmələrinin cəmi 75,6 faizi dəqiq olan yunanlar turnirdə son “dördlük”dədirlər. “Qarabağ” 84 faiz dəqiqliyə malikdir. Futbolçularımız 3388 ötürmədən 2861-ni dəqiq ünvana çatdırdıqları halda, qarşı tərəf 2865-dən 2172-də dəqiq olub. Uzun ötürmələrdə ağdamlılar 51,9 faiz halda dəqiq olduqları halda, yunanlar cəmi 39,6 faizini ünvana çatdıra biliblər.
Sərbəst zərbələrdə “Qarabağ” (130) turnirdə yalnız “Fənərbaxça”dan (133) geri qaldığı halda, “Olimpiakos” 86 belə zərbə ilə 27-cidir.
Künc zərbələrinin sayı Azərbaycan klubunda 38, Yunanıstan təmsilçisində 27-dir.
“Qarabağ” futbolçularının uğurlu driblinqlərinin sayı 64, rəqibdə 46-dır.
Rəqibimiz ofsayda düşməkdə Avropa Liqasında rəqib tanımır. Yunan futbolçular 33 dəfə oyundan kənar vəziyyətə düşüblər. “Köhlən atlar” belə vəziyyətə 14 dəfə düşüblər.
Təkbətək mübarizələrin “Qarabağ” 54,3 faizində, “Olimpiakos” 49,8 faizində qalib gəlib. Hava mübarizəsində isə komandamızın vəziyyəti heç də ürəkaçan deyil – 41,1 faiz. Rəqibdə bu göstərici 52,4 faizdir.
Topalmada komandamız 166-157, seyvlərdə qapıçılarımız 27-25-ə üstünlüyə malikdirlər.
Oyunlarda qaydaları Yunanıstan klubu 95, Azərbaycan komandası 66 dəfə pozub. Qurban Qurbanovun yetirmələri 106 dəfə fola məruz qaldıqları halda, rəqib futbolçulara qarşı 73 dəfə qayda pozuntusuna yol verilib.
“Qarabağ”ın 15 sarı, 2 qırmızı vərəqəsi var. 16 “sarı”lı “Olimpiakos”un futbolçularını meydandan qovan olmayıb.
Vüqar Məmmədov
İdman.biz