Amerikalı milyarder İlon Mask Nobel Sülh Mükafatına namizəd göstərilib.
Bu barədə Sloveniya nümayəndəsi, Avropa Parlamenti üzvü Branko Qrims Facebook sosial şəbəkəsində məlumat yayıb.
Qrimsin sözlərinə görə, o, Maskı "insanların söz azadlığı hüququna sadiqliyi və bununla da sülhə verdiyi töhfəyə görə" mükafata təqdim edib.
Avropa Parlamenti üzvü həmçinin bu təşəbbüsə dəstək verən hər kəsə təşəkkür edib.
"İlon Maskın insan hüquqlarının fundamental prinsipi olan söz azadlığını və bununla da sülhü ardıcıl dəstəklədiyinə görə 2025-ci il üçün Nobel Sülh Mükafatına layiq görülməsi təklifi bu gün rəsmi şəkildə təqdim edildi. Bütün həmmüəlliflərə və bu işdə kömək edənlərə səmimi təşəkkürümü bildirirəm", – deyə Qrims yazıb.
Xatırladaq ki, Mask Almaniyanın ultra-sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının qurultayında çıxış edərək kansler Olaf Şoltsu tənqid edib. Milyarderin sözlərinə görə, Almaniya hökuməti "söz azadlığını aqressiv şəkildə boğur". O bildirib ki, AfD "xüsusilə Almaniya və Avropa ölkələri üçün daha çox öz müqəddəratını təyin etmə hüququ və Brüssel üçün daha az səlahiyyət uğrunda mübarizə aparmalıdır".
Daha sonra Microsoft korporasiyasının qurucusu Bill Qeyts İlon Maskın Avropa siyasətinə müdaxiləsini tənqid edib. Onun sözlərinə görə, Mask Avropa partiyalarını açıq şəkildə dəstəkləyən siyasi bəyanatlar verməməlidir.
Bundan əlavə, Mask La-Manş boğazının adının dəyişdirilməsini təklif edib. O, boğazın ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun şərəfinə adlandırılmasını təklif edərək, onun yeni adı ilə işarələndiyi xəritəni paylaşıb – "Corc Vaşinqton Kanalı".
Alpər
Mənbə: qaynarinfo.az