AZ

Tofiq Mikayılov: “Yaxşı nəticə qazanmaq istəyirik”

Futzal üzrə Azərbaycan millisinin təcrübəli üzvü Tofiq Mikayılov Xorvatiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, futzal yığmamız yanvarın 31-də Avropa çempionatının əsas mərhələsində növbəti oyununa çıxacaq.

Millimiz bu dəfə səfərdə Xorvatiya ilə üz-üzə gələcək.

Matçın hazırlığını Pula şəhərində davam etdirən milli komandamızın üzvlərindən Tofiq Mikayılov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına fikirlərini paylaşıb:

“Bakıda iki gün ərzində 4 məşq keçirdik. Vaxt az olsa da, məşqçinin dediklərini yerinə yetirməyə çalışdıq. Dünən isə oyunun keçiriləcəyi arenada ilk hazırlığımızı reallaşdırdıq. Bugünkü məşqlə matça hazırlığı yekunlaşdıracağıq. Təbii ki, bu müddət ərzində daha çox taktiki planda tapşırıqları yerinə yetirdik. Qalır bunları oyunda tətbiq etmək.

Rəqibimizə gəldikdə, Xorvatiya millisinin gücü hər kəsə məlumdur. Müdafiədə və hücumda kompakt oynayırlar. Texniki baxımdan da heyət üzvləri seçilir. Sonuncu dünya çempionatının final mərhələsində də iştirak ediblər. Bir sözlə, qrupumuzun favoritinə qarşı oynayacağıq”.

Mikayılov yığmamızdakı son duruma da aydınlıq gətirib və yaxşı nəticə arzusunda olduqlarını dilə gətirib:

“Öz komandamıza gəldikdə, yaxşı kollektivimiz var. Ölkə çempionatının oyunlarında seçilən, fərqlənən futzalçıların hamısı heyətə cəlb olub. Zədə səbəbindən 1-2 futzalçımız kənarda qalıb. Təcrübəli və gənclərin vəhdətindən formalaşıb komandamız. Rəqibin güclü olduğunu dərk edirik, ancaq biz də yaxşı nəticə qazanmaq istəyirik. Qalır oyun zamanı bu istəyimizi reallaşdırmaq. Baş məşqçi onları analiz edib, zəif və güclü tərəflərini deyəcək”.

Seçilən
1
3
arena.az

9Mənbələr