1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan təhsilində kurikulum tədris sisteminə keçən gündən bu zamana qədər hər kəs tənqidi təfəkkür haqqında müxtəlif mülahizələr irəli sürür.
İstər mütəxəssislər, istər metodistlər, istərsə də təhsildən məsul şəxslər müəllim və şagirdlərin tənqidi təfəkkürə sahib olmasının önəmindən danışır.
Maraqlıdır, bəs görəsən, tənqidi təfəkkür nədir və müəllimlər həm özlərinin, həm də şagirdlərinin tənqidi təfəkkürünü necə inkişaf etdirə bilər?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova vurğulayıb ki, yaşamaq üçün tənqidi təfəkkürə sahib olmaq lazımdır, peşə həyatında da tənqidi təfəkkürsüz keçinmək mümkün deyil:
"Tənqidi təfəkkür deyəndə, bəlkə, bu anlayışı kimlərsə yalnız tənqidi yanaşma kimi qəbul edər, amma bu ifadə ilə yalnız tənqid etmək, neqativləri görüb təhlil etmək bacarığı deyil, ümumilikdə, insanın təhlil bacarığı nəzərdə tutulur. Yəni analiz, dəyərləndirmə. Insan hər addımında bu bacarıqlardan istifadə etmək məcburiyyətindədir.
Analiz hətta adi bir məhsulun seçilməsində, alınmasında, hər hansı bir şəxsi seçimlərə qərar verilməsində tələb olunan bacarıqdır. Bu bacarıq necə vacib olmaya bilər?! Şagird on bir illik təhsilinin sonunda bir ixtisas seçməlidir. Hansı təfəkkürlə qərar verir? Təbii ki, tənqidi təfəkkürlə. Yaxud müəllimlər hər gün dərsə hazırlaşırlar, müxtəlif alqoritmlər üzərində düşünür, resursların seçilməsi, hazırlanması ilə bağlı qərarlar verirlər. Hansı təfəkkürlə? Əlbəttə ki, tənqidi təfəkkürlə. Eləcə də şagirdlərin tənqidi təfəkkürünü formalaşdırmaq üçün müəllimlərdə bütün təfəkkür növləri ilə yanaşı, yüksək səviyyədə tənqidi düşünmə bacarığı olmalıdır. Tənqidi təfəkkürü zəif olan abituriyent gələcək həyatı üçün doğru ixtisas seçimi etməkdə çətinlik çəkəcək, eləcə də müəllimin dərsləri uğurlu olmayacaq".
Onun sözlərinə görə, yer üzündəki bütün insanların tənqidi təfəkkürünün inkişafı istiqamətində özlərinin və məsul olduqları şəxslərin bacarıqları üzərində işləmək kimi bir öhdəlikləri var:
"Uşağın tənqidi təfəkkürü aşağı yaşlarından formalaşmağa başlayır. Yəni biz öyrətməsək də, onun zehni buna açıqdır, sadəcə düşünüb sorğulaya bilmək, sual verib cavab almaq hüququnu təmin etməyimiz yetər ki, bu təfəkkürün elementləri işə düşsün. Məktəbə qədəm qoyan uşaqların içində zəkası ilə fərqlənənlər ailə ortamında fərd kimi dəyər görən, dinlənilən və fikrilərini ifadə etməkdə məhdudiyyəti olmayan uşaqlardır. Demək istədiyim budur ki, ilk strategiya uşağa danışmağa şərait yaratmaqdır. Təhsildə də birinci şərt məhz budur. Müəllim öz biliklərini nümayiş etdirməklə deyil, şagirdin bildiklərini, bilmədiklərini, təkliflərini, ideyalarını paylaşmağa şərait yaratmaqla tənqidi təfəkkürü formalaşdırmaq üçün birinci addımını ata bilər".
Fəlsəfə doktoru qeyd edib ki, şəxsin tənqidi təfəkkürə malik olduğunu çox zaman onun nitqi əks etdirir:
"Məktəbəhazırlıq qruplarından, ibtidai siniflərdən başlayaraq bu məsələ standartlarda (nitq bacarığını formalaşdırmaq) nəzərə alınır. Azərbaycan dili fənninin standartları bu istiqaməti çox detallı və geniş əhatə edir. Məzmunca qənaətbəxşdir, bəs sistemlilik baxımından necə? Bax əsas məsələ, mənə görə, budur. Biz məzmunu istədiyimiz qədər zənginləşdirə bilərik. Bəs onun əlçatanlığı? Əgər məzmun əlçatan olmasa, onun genişliyinin bir əhəmiyyəti olarmı? Bizim kurikulumlarda bu baxımdan, ciddi problem var ki, bu gün hələ də müəllimlərin tənqidi təfəkkürü formalaşdıra bilmək bacarıqları müzakirə mövzusudur".
Onun qənaətinə görə, istənilən bacarığın formalaşmasında yalnız müəllimi məsul görmək yanlış tendensiyadır:
"Bugünkü təlim-tədris prosesi həkim müalicəsi, əməliyyatları kimi protokollaşdırılmalı prosesdir. Azərbaycan reallığında, bu, ilk növbədə, dərsliklərdən başlamalıdır. Çünki bizim müəllimlərimizin böyük əksəriyyəti ali məktəb təhsilində yeni kurikulumlarla tanış olmayıb. Yeni məzmunla bağlı bilik və bacarıqlara yiyələnməyiblər. Dərsliklərimiz məzmunu formal olaraq əhatə etsə də, nəzəri və praktiki baxımdan öyrədici deyil. Ona görə də müəllimləri mühakimə etməyi çox da uyğun görmürəm.
Dərsliklərdə tənqidi təfəkkürün formalaşdırılması istiqamətində dərslərin alqoritmi təqdim edilərsə, tapşırıqları həll etdirməklə müəllim nə qədər səriştəsiz olsa da, bacarıqların formalaşdırılmasında çətinlik çəkməz. Bu gün müəllimlərin böyük əksəriyyəti "fikrin əsaslandırılması" anlayışının özünü belə dərk etmir. Fikrin əsaslandırılması bir alqoritmdir. Əgər biz bu alqoritmi nə ali məktəbdə müəllimə öyrədir, nə də dərsliklərdə tətbiqinə yer veririksə, kimdən nə istəyə bilərik? Müəllimin əlində alətlər yoxdur, resurslar yoxdur, anlaşılmaz bir dərslik var".
Könül Aydın Nəhmətova bir mütəxəssis kimi məntiqi təfəkkürün formalaşdırılmasını daha çox esse üzərindən aparır:
"Essenin müxtəlif növləri şagirdin istənilən prizmadan mövqeyini əsaslandırmaq bacarığını formalaşdırır. Məsələn, problem həlletmə, ziddiyyətli fikirlərin əsaslandırılması, inandırmaq məqsədi ilə fikrin əsaslandırılması və s.
Bunun üçün müxtəlif üsul və vasitələr var. Mən əsaslandırıcı nitqin qısa strukturu olan MİNN üsulundan istifadə etməklə bir dərsdə tənqidi təfəkkürün ifadəsi olan arqumentləşdirməni öyrətməyin mümkün olması qənaətindəyəm. Çox üsullar var, mahiyyətini anlayıb düzgün tətbiq etməklə nəticə əldə etmək olar".
Təhsil eksperti Ramin Nurəliyev söyləyib ki, məntiqi təfəkkürə sahib olmayan müəllim, şagirddə bunu formalaşdıra bilməz:
"Müəllimlərin 50%-nin tənqidi təfəkkürdən xəbəri yoxdur. Onlar tənqidi təfəkkür deyəndə tənqidi nəzərdə tuturlar. Hətta bəzən tənqidi ötərək təhqirə keçirlər. Biz bunu sosial şəbəkədə təhsillə bağlı məsələlərin müzakirəsi zamanı müəllimlərin verdiyi reaksiyadan görə bilirik.
Tənqid hər hansı bir məsələyə birbaşa verilən reaksiyadır. Tənqidi təfəkkür isə baş verənləri düzgün analiz etmək, təhlil edərkən faktlara əsaslanmaq, düzgün təhlil qaydalarından istifadə etmək, hadisələri dəyərləndirmək, problemi səmərəli yolla həll etməkdir. Tənqidi təfəkkürdə öz şəxsi mənafeyindən istifadə etməməlisən. İstifadə edilərsə, bu artıq tənqidi təfəkkür sayılmaz".
Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində istər təhsil verənlərdə, istərsə də təhsil alanlarda tənqidi təfəkkür ilə bağlı ciddi nöqsanlar var:
"Təhsil verənlər ilk növbədə tənqidi təfəkkürün nə olduğunu anlamalıdırlar. Onu öz həyat fəaliyyətlərində əks etdirməlidirlər. Tənqid hər hansı məsələdə mənfiləri tapıb, onların üzərinə getməkdir, bu, elmdə doğru yanaşma deyil.
Şagirdlərə ilk olaraq tənqidi təfəkkür ilə tənqidin fərqini aşılamaq lazımdır. Biz şagirdlərə bunu aşılaya bilsək, mədəniyyətimiz də inkişaf edə bilər. Bu, şagirdin gələcək həyat tərzində yaşamına kömək edəcək.
Bununla bağlı sualların sayı artırılmalı, kurikulum sisteminə uyğun olaraq müxtəlif fənn, mövzular üzrə suallar tərtib edilməlidir. Müəllim sualların birində bir neçə doğru cavab tərtib edə bilər. Burada şagirdin verdiyi reaksiyaya əsasən onun tənqidi təfəkkürünün qiymətləndirilməsinə nail ola bilər. Belə ki, şagird orada iki cavab görüb müəllimi mühakimə də edə bilər, sualda iki cavab olduğunu və onları əsaslandırmasına önəm verərək müəllimi başa da sala bilər. Burada şagird müəllimi səhv çıxarmağa cəhd edərsə, demək, tənqidi təfəkkürü tam formalaşmayıb. Tənqidi təfəkkürün inkişafı ilə biz bir çox problemlərin də qarşısını ala bilərik".
Sabiq deputat, təhsil məsələləri üzrə mütəxəssis Etibar Əliyev hesab edir ki, təhsil fənnlər üzrə təkcə müxtəlif bilik və bacarıqların mənimsənilməsinə birbaşa xidmət etməməlidir:
"Kurikulum bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə icazə verən konseptual sənəddir. Söhbət fəaliyyətin səmərəli, məqsədyönlü təşkilindən, ardıcıllığından gedirsə, "Təhsil haqqında" qanundan irəli gələn şagirdlərin tənqidi təfəkkürünün inkişafı birmənalı olaraq məktəblərin, müəllimlərin öhdəliyinə düşən vəzifədir. Müəllimlər şagirdlərə faydalı və zəruri biliklərin mənbəyini göstərməklə yanaşı, həm də izah etməlidirlər.
Təəssüflər olsun ki, bizim kimi bir ölçülü təhsil sistemində bunu etmək çox çətindir. Əlbəttə ki, burada testə köklənən orta təhsil sistemindən söhbət gedir. Təhsilin qarşısına qoyulan mühüm məqsədlərdən biri şagirdlərdə tənqidi təfəkkürün formalaşdırılmasıdır. Bunun üçün müəllimin özünün tənqidi təfəkkürə malik olub-olmamasına diqqət etmək lazımdır. Müəllimin özü mütaliə etmir, yalnız test tapşırıqları ilə məşğuldursa, fənlərin inteqrasiyasından ortaya çıxan yeni bilikləri şagirdlərə verə bilmirsə, müəllimin özünün tənqidi təfəkküründə problem var.
Təhsil fənlər üzrə təkcə müxtəlif bilik və bacarıqların mənimsənilməsinə birbaşa xidmət etməməlidir".
E.Əliyevin sözlərinə görə, informasiya selinin olduğu dövrdə oxuduqlarımızı və gördüklərimizi necə anlayırıqsa, əsas məsələ budur:
"Sovet təhsil sistemində informasiya seli bu qədər güclü deyildi. Kitablar var idi, ağ-qara televizor var idi, telefon yox idi. Lakin həmin dövrdə də tənqidi təfəkkürün inkişaf etdirilməsində problemlər var idi. İndi isə böyük informasiya selinə düşmüşük. Valideynlər və müəllimlər gənc nəslin aldığı informasiyaları necə interpretasiya edəcəklərindən narahatdır. Sonsuz informasiya səs-küyünün içərisində müxtəlif nəzər nöqtələrinin düşünülmüş və gərgin analizinə ehtiyac var. Müəllim və valideynlərin əsas vəzifəsi informasiyaların seçilməsində, təhlilində uşaqlara yardım etməlidir.
Uşaqlara bütün yaş səviyyələrində ətraf aləmi düzgün dərk etmək, yanlış fikirlərin dünya görüşünə təsirinə inandırmaq lazımdır, həmçinin yeni ideyaların generasiyası vərdişlərini aşılamaq üçün praktik alətlər tətbiq olunmalıdır. Bu alətlər demək olar ki, yoxdur.
Bu gün biz elə hesab edirik ki, repetitorların, məktəbin əsas vəzifəsi məktəbliləri ali məktəbə qəbul olmaq üçün hazırlamaqdır. Buna görə də beynin bir yarım kürəsi işləmir, kreativliyə, yaradıcılığa cavab verən yarımkürəsi fəaliyyətsizdir. Kreativlikdən tənqidi təfəkkür formalaşa bilər. Təəssüflər olsun ki, bizim orta məktəb müəllimlərimiz də buna çalışmırlar. Onların özlərinin də alətləri yoxdur. Əsas məsələlərdən biri düşünən nəsil yetişdirməkdir".
Aygün Mirakif