İrəvan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini başa çatdırmağa hazırdır. Bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan İrəvanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə mətbuata birgə bəyanatında deyib.
O qeyd edib ki, bu, həm sülh müqaviləsinin imzalanması ilə kommunikasiyaların açılmasına, həm də sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə aiddir.
Siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, əvvəllər də Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan səviyyəsində belə oxşar motivli bəyanatlar kifayət qədər çox verilib:
“Amma Ermənistanın hazırki ritorikası dəyişkəndir. Yəni Ermənistanın əməli ilə sözü üst-üstə düşmür. Hətta Ermənistan tərəfindən sözdə sülhlə bağlı qulağa xoş gələn açıqlamalar səsləndirilsə də, əməldə, bunlar, heç zaman təsdiqini tapmır. Rəsmi İrəvanın hərbi, siyasi təxribatları onun sülhlə bağlı verdiyi müsbət bəyanatlarını şübhə altına salır. Hesab edirəm ki, Ararat Mirzoyanın sülhə bağlı səsləndirdiyi fikirlərdə təəccüblü heç nə yoxdur. Əgər, Ermənistan sülh istəyirsə, rəsmi Bakının sülh sazişi ilə bağlı irəli sürdüyü şərtləri yerinə yetirməlidir. Ermənistan konstitusiya dəyişikliyinə getmədikcə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədikcə sülh imzalanmayacaq. Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır”.