AZ

Ekspert: “Sürücülük məktəbləri və kursları nəzarətə götürülməlidir”

“Sürücülük təlimi keçən şəxslərə lisenziya verilir. Təlim avtomobilləri şəhərdə istənilən yerdə hərəkət edə bilər. Əsas odur ki, avtomobilin üzərində təlim maşını olduğunu bəlli edən yapışqanlar olsun. Həmin yapışqanlar avtomobilin ön və arxa hissəsinə yapışdırılmalı, digər sürücülər xəbərdar olmalıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. 

 O bildirib ki, təəssüf ki, bir sıra təlim məktəbləri, kursları formal xarakter daşıyırlar:

“Onlar vətəndaşlara sürücülük qabiliyyətini mükəmməl şəkildə aşılaya bilmirlər. Belə olmasaydı, biz Bakı şəhərində yüksək sürücülük mədəniyyətinə şahid olardıq. Ancaq əksini görürük. Tez-tez avtomobili idarə edə bilməyən, “parking” əməliyyatını həyata keçirməyi bacarmayan sürücülərlə rastlaşırıq. Avtomobili doğru idarə etməyi bacaran sürücülər 70% təşkil edir. Digərləri demək olar ki, yol hərəkəti qaydalarından xəbərsizdirlər”.
 
Ekspert qeyd edib ki, 10 dərs ərzində sürücülük öyrədəcəyini iddia edən kurslara da rast gəlirik: 

“Fikrimcə, bu, mümkün deyil. 10 dərs ərzində şəxs nə yol hərəkəti qaydalarını, nə də avtomobil idarə etməyi öyrədə bilər. Yollarda qəzaların sayını azaltmaq istəyiriksə, sürücülük məktəbləri və kursları nəzarətə götürülməlidir”

Əfsanə Kamal
Demokrat.az
Seçilən
0
29
demokrat.az

10Mənbələr