Bakı, TurkicWorld
Dünya üzərində tanınan qazlı içki markası Coca-Cola, Belçikanın Gent şəhərindəki istehsal zavodunda aparılan növbəti yoxlamalar zamanı xlorat maddəsinin mövcudluğu üzə çıxdıqdan sonra məhsullarını bazardan geri çağırmaq məcburiyyətində qalıb.
TurkicWorld xəbər verir ki , eyni problemi indi dünyanın məşhur kartof çipsi markası Lay's də yaşayır.
Avropada aparılan yoxlamalar zamanı Lay's çipslərinin bəzi partiyalarında da xlorat maddəsinin normadan artıq olduğu aşkarlanıb. Bunun nəticəsində, şirkət geri çağırma kampaniyası elan edərək , bəzi partiya nömrələrini bazardan çıxarmaq məcburiyyətində qalıb.
ABŞ Qida və Dərman Administrasiyasının (FDA) verdiyi açıqlamaya görə, Lay's brendinin 350 qramlıq paketlərində daha əvvəlcə bəyan edilməmiş süd maddəsinin mövcudluğu aşkarlanıb. Bu, südə allergiyası olan insanlar üçün ciddi səhiyyə riski yarada bilər. FDA, bu hallara görə Lay's çipslərini "Sinif 1 Təhlükə" kateqoriyasına daxil edib ki, bu da ən yüksək risk dərəcəsi deməkdir.
Rəsmi açıqlamalara görə, təhlükəli partiyalar yalnız ABŞ-ın Vaşinqton və Oreqon ştatlarında satılıb. FDA istehlakçılara istifadə tarixi 11 fevral 2025-ci il, istehsal kodu "6462307xx" və ya "6463307xx" olan Lay's çipslərini istehlak etməməyi və dərhal geri qaytarmaqlarını tövsiyə edib.
FDA rəsmi şəkildə vətəndaşlara xəbərdarlıq edib ki, südə allergiyası olan şəxslər bu çipsləri istehlak edərsə, onlarda çox ciddi allergik reaksiyalar, hətta ölümcül fəsadlar yarana bilər. Mütəxəssislər istehlakçılardan məhsulları diqqətlə yoxlamalarını və hər hansı bir narahatlıq olduqda aidiyyəti qurumlara müraciət etmələrini xahiş edib.