AZ

“Ərə get, düzələcək” - Həkim bilinməyənləri üzə çıxardı

Cəmiyyətdə geniş yayılan miflərdən biri də qadınların evlənməsi ilə sağlamlıq problemlərinin həll olunacağına dair inanışdır. Xüsusilə də reproduktiv problemlər, menstrual tsiklin pozulması, hormonal problemlər və digər xəstəliklərin evliliklə düzələcəyi düşünülür. Ancaq mütəxəssislər bildirirlər ki, bu fikrin tibbi baxımdan heç bir əsası yoxdur.

Ginekoloq Gülnar Ağayeva bu barədə Yenisabah.az-a bir sıra əsas məqamları açıqlayıb. Bildirib ki, bu kimi problemlər vaxtında diaqnoz qoyularaq müalicə edilməlidir. Əks halda, qadının sağlamlığına ciddi təsirlər göstərə bilər:

"Cəmiyyət arasında belə bir yanlış inanc var ki, qadın ərə getsə, sağlamlıq problemləri, xüsusilə də reproduktiv məsələlər həll olunacaq. Ancaq bu, yalnız bir mifdir və tibbi baxımdan heç bir əsası yoxdur. Əgər qadında menstrual tsiklin pozulması, yumurtalıq kistaları, şəkərli diabet, zob kimi problemlər varsa, bunların ailə qurmaqla heç bir əlaqəsi yoxdur. Bunlar müəyyən sindromlu xəstəliklərdir və mütləq şəkildə müalicə olunmalıdır. Məsələn, nəzarət olunmayan zob xəstəliyi hamiləlik dövründə ciddi risklər yarada bilər. Bu, düşüklərə səbəb ola bilər, hətta doğulan körpədə əqli zəiflik riskini artıra bilər. Şəkərli diabeti olan qadınların isə hamiləlik müddətində ginekoloq və endokrinoloq nəzarətində olması vacibdir. Yəni “ərə getdin, şəkərin düzəldi” kimi fikirlər tamamilə əsassızdır.”

Həkim qeyd edib ki, yumurtalıq problemləri də evliliklə deyil, yaş faktoru ilə bağlıdır:

“Qadının ana olma şansı 18-40 yaş aralığında olsa da, ən uyğun dövr 18-30 yaş hesab edilir. Yaş artdıqca yumurtalıq ehtiyatı azalır və hamiləlik şansı aşağı düşür. Hormonal pozğunluqlar isə əsasən yumurtalıqdakı hormonlarla, hipofiz vəzi ilə əlaqədardır. Bunların da evliliklə heç bir bağlılığı yoxdur. Ümumiyyətlə, evlilik sağlamlıq problemlərini həll etmir və heç bir müalicəvi təsir göstərmir. Əsas olan sağlam həyat tərzi və düzgün tibbi müayinədir”.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
1
29
yenisabah.az

10Mənbələr