Yanvarın 21-də Bakıda yerləşən “Medilife” klinikasında ölüm hadisəsi qeydə alınıb. 1988-ci il təvəllüdlü Ceyhun Akif oğlu Süleymanov qeyd olunan vaxtda müalicə aldığı klinikada vəfat edib.
Ceyhun Süleymanov ilk olaraq mədə-bağırsağındakı problemlə bağlı Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına müraciət edib.
Ceyhunun anası Afayət Süleymanova mediaya açıqlamasında deyib ki, “Stimul” klinikasından onlarda narkoz həkimi olmadığı üçün oğlunu “Medilife” klinikasına yönləndiriblər.
Mərhumun həyat yoldaşı da ölümün təfərrüatlarını paylaşarkən “Stimul” hospitalında xəstənin təzyiqinin aşağı düşdüyünü və həkimlərin onun özünü təzyiq dərmanı üçün aptekə göndərdiklərini iddia edib.
Mərhumun ailə üzvlərinin dediklərinə görə, “Medilife” xəstəxanasında xəstənin 3-4 dəfə bağırsaqlarını yuyublar və hər şey qaydasında olub:
“Stimul”da iynəni vurduqdan sonra Ləman Xasıyeva oğluma deyib ki, burada narkoz yoxdur.
Ona görə də Ceyhundan “Medilife” klinikasına getməsini istəyib. Ceyhun gedəndən sonra Ləman Xasıyeva da ora gəlib. Deyirdi ki, mama, çox rahatlamışam. Hətta klinikada olanda video da çəkmişdi. Ayaq üstə dayanıb, sağlam, özündə olan adam. Bir saat içində nə ola bilərdi?!
Klinikada olanda Ceyhunun yanında iş yoldaşının oğlu olub. Onun sözlərinə görə, birdən həkimlər koridorda qaçmağa başlayıb. O da nə baş verdiyini soruşanda deyiblər ki, xəstəni ayılda bilmirik. Hadisəni biləndən sonra kürəkənim və Ceyhunun əmisi oğlanları klinikaya gediblər. Görüblər ki, mərhumu palataya uzadıblar. Yanında da heç kim olmayıb. Oradan Sabunçuya, morqa aparıblar”.
İddialara cavab almaq üçün hər iki klinika ilə əlaqə saxladıq.
“Stimul” hospitaldan Bizim.Media-ya bildirilib ki, mərhumun ölümündə klinikanın heç bir rolu olmayıb:
“Təəssüflə qeyd etmək istərdik ki, bu hadisədən bəzi bədxahlar bizə qarşı əsassız qarayaxma kampaniyası aparmaq üçün istifadə etməyə çalışırlar. Halbuki mərhum Ceyhun Süleymanov Stimul hospitalda dünyasını dəyişməyib. O, yanvarın 21-də bağırsaq şikayəti ilə Stimulda çalışan həkim-qastroentoloq Ləman Xasıyevaya müraciət edib. Həmin vaxt hospitalda anestizioloq olmadığı üçün Ləman Xasıyeva onu paralel işlədiyi “Medilife” xəstəxanasına yönəldib və ölüm hadisəsi də həmin klinikada baş verib”.
Stimul klinikasının məlumatında 2024-cü il martın 18-də jurnalist Fərahim Qasımovun anası, 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Stimul hospitalda dünyasının dəyişməsini gündəmə gətirərək onlara qarşı kampaniya aparıldığı da qeyd edilib:
“Halbuki istintaq araşdırması nəticəsində Bahar xanımının ölümündə Stmul hospitalın həkim və tibb işçilərinin günahının olmadığı sübuta yetirilib və bununla bağlı prokurorluq orqanları tərəfindən rəsmi açıqlama verilib”.
Ölüm hadisəsinin qeydə alındığı “Medilife” klinikasına bir neçə gündür müraciət etsək də, hər dəfəsində Bizim.Media-ya klinikada səlahiyyətli şəxsin olmadığını deyilərək, açıqlama verməkdən imtina ediblər. Klinikadan ehtiyac olduğu halda bizimlə əlaqə saxlayacaqlarını bildiriblər.
Bu arada həkim-qastroentoloq Ləman Xasıyeva ilə də əlaqə yaratmaq mümkün olmayıb.
Yazıda qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta