AZ

Su şəbəkəsinə qoşulma üzrə islahatların və yeni tariflərin təqdimatı keçirilib

Bakı, 30 yanvar, AZƏRTAC

Bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən rəhbərliyi həyata keçirilən “Su şəbəkələrinə qoşulma” İşçi qrupu çərçivəsində biznes nümayəndələri və digər maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək su şəbəkələrinə qoşulma sahəsində islahatların və yeni tariflərin əhəmiyyətini vurğulayaraq, yeniliklərin biznes mühitinə müsbət təsirini qeyd edib. Kommunal xidmətlər çərçivəsində su şəbəkəsinə qoşulmanın təkmilləşdirilməsi və yeni tariflərin təsdiqi bu sahədə sadələşmə ilə yanaşı, həm xərclər, həm də prosedurların şəffaf şəkildə təqdim olunmasına əlverişli imkanlar yaradıb.

V.Şıxaəliyev qeyd edib ki, özəl sektorun qarşılaşdığı məsələlər və onların həlli yolları 2025-ci ilin prioritetləri sırasında yer alacaq. Onun sözlərinə görə, davamlı dəyişikliklər əsas məsələlərdən biridir. Buna görə də, özəl sektoru maraqlandıran məqamları diqqətə almaq, onların qarşılaşdığı problemləri dinləmək vacibdir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov su şəbəkəsinə qoşulma ilə bağlı cari il ərzində görülmüş işlər və əsas nəaliyyətlərlə bağlı çıxış edib. O çıxışında “Business Ready” layihəsinin ölkəmizin biznes və investisiya mühitinə qiymətini, islahatların formalaşmasına mühüm rolunu və sahibkarlara dövlət dəstəyini vurğulayıb. İşçi qrupunun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib, ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb.

E. Məmmədov bildirib ki, ADSEA layihənin həyata keçirilməsi çərçivəsində su şəbəkəsinə qoşulma qaydaları ilə bağlı təqdimat keçirməyi planlaşdırır. Onun sözlərinə görə, iştirakçılar təqdimat zamanı proseslə bağlı suallarını verə biləcək və mövzu geniş müzakirə olunacaq: “Layihəyə sadəcə müşahidəçi kimi deyil, tam tərəfdaş kimi yanaşmağın vacibliyini vurğulamaq istəyirik”.

E.Məmmədov əlavə edib ki, Azərbaycanda fevralın 15-dən etibarən su təchizatı infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi layihəsinin tam icrasına başlanılacaq.

Gündəliyə uyğun olaraq su şəbəkəsinə qoşulma üzrə “Bir-pəncərə” sisteminin tam işə düşməsi, qoşulma üzrə prosedurların və vaxtın, eləcə də xərclərin minimum endirilməsi, 2024-cü il Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin müzakirəsi və əsas nailiyyətlər, qoşulma üzrə rəy verən qurumlar arasında koordinasiya və yeni tariflərin təsdiqi ilə bağlı işlər müzakirə olunub.

Seçilən
1
18
azertag.az

10Mənbələr