Norveç Xalq Sağlamlığı İnstitutunun (FHI) araşdırmasına görə, süni intellekt döş xərçəngi riskini illər öncədən təxmin edə bilir.
E-saglam.az xəbər verir ki, 2004-2018-ci illər arasında Norveçdə aparılan genişmiqyaslı skrininq proqramında 116.495 qadının mamoqrafiya görüntüləri analiz edilib. Süni intellekt alqoritmi bu qadınlardan 1607-nə qoyulan döş xərçəngi diaqnozunu 4-6 il əvvəldən proqnozlaşdıra bilib.
Tədqiqatın nəticələri süni intellektin erkən diaqnoz potensialını və skrininq proqramlarında istifadəsinin əhəmiyyətini göstərir.
Süni intellekt xərçəngin hansı döşdə inkişaf edəcəyini də əvvəlcədən müəyyən edə bilir. Erkən diaqnoz müalicənin effektivliyini artırır və səhiyyə xərclərini azalda bilər.
Bu tapıntılar süni intellektin mamoqrafiyada insan radioloqlar qədər dəqiq olub-olmadığını araşdırmaq üçün yeni tədqiqatlara yol açıb. Norveçdə 140.000 qadın üzərində yeni araşdırma başladılıb. Əgər süni intellekt insan mütəxəssislərlə eyni səviyyədə nəticələr göstərsə, gələcəkdə geniş istifadə oluna bilər.
Döş xərçəngi dünyada qadınlar arasında ən çox yayılmış xərçəng növüdür. ÜST-ə görə, 2022-ci ildə 670 min qadın bu xəstəlikdən həyatını itirib. Hər il milyonlarla yeni xəstəyə döş xərçəngi diaqnozu qoyulur. Erkən diaqnoz müalicənin uğur şansını artırır. Lakin ənənəvi mamoqrafiya bəzi hallarda yanlış nəticələr verə bilər. Süni intellektin bu sahədə tətbiqi səhvləri azaltmağa və erkən diaqnoz imkanlarını artırmağa kömək edə bilər.
Tərcümə: Könül Oruc