Səsdən sürətli uçan təyyarələr adətən güclü səs partlayışları - sonik bum səsləri ilə tanınır. Lakin NASA-nın X-59 təyyarəsi ilə bu vəziyyət dəyişə bilər.
Valyuta.az xəbər verir ki, ABŞ-ın kosmik agentliyi bu yeni eksperimental təyyarənin ilk uçuşu zamanı sonik partlayış səsini mümkün qədər az eşidilən hala gətirməyi və süpersonik uçuşları quru üzərində reallaşdırmağı hədəfləyir.
Qeyd edək ki, ABŞ hökuməti 50 ildən artıqdır ölkə ərazisi üzərində ticari süpersonik uçuşları qadağan edib. NASA-nın Sessiz Süpersonik Texnologiyası (QueSST) missiyası isə bu qadağanı aradan qaldırmağı planlaşdırır.
Havacılıq eksperti və Smithsonian Milli Hava və Kosmos Muzeyinin baş kuratoru Bob van der Linden bu layihəni belə dəyərləndirir:
"NASA-nı bu işə rəhbərlik etdiyinə görə təbrik etmək lazımdır. Onlar real həll yolu tapmağa çalışırlar".
Süpersonik uçuşların gələcəkdə iqtisadi cəhətdən nə dərəcədə sərfəli olacağı hələ bəlli deyil. Çünki belə yüksək sürətlə uçmaq üçün böyük miqdarda yanacaq tələb olunur və bu, bilet qiymətlərini artırır. Ancaq bu texnologiya mülki aviasiya sahəsini tamamilə dəyişdirə bilər. Məsələn, bir sərnişin Los-Ancelesdən Nyu-Yorka cəmi 2 saat 30 dəqiqəyə gedə bilər.
Müqayisə üçün, Concorde saatda 2 100 km sürətlə uçsa da, yüksək bilet qiymətləri və səs partlayışları səbəbindən ticari uğursuzluğa düçar olmuşdu. Üstəlik, quru üzərində uçması qadağan edildiyi üçün uçuş marşrutları xeyli məhdudlaşdırılmışdı.
NASA X-59-un istehsalı üçün ABŞ-ın hərbi təyyarələrini də istehsal edən "Lockheed Martin" şirkəti ilə 247,5 milyon dollarlıq müqavilə imzalayıb. Hazırda təyyarə uçuş öncəsi son sınaq mərhələsindədir və Kaliforniya səhrası üzərində test uçuşlarına hazırlanır. "Lockheed Martin" yanvarın 24-də mühərrikin arxasından alov çıxdığını əks etdirən görüntülər yayımlayıb. NASA isə dekabr ayında X-59-un saatda 1 235 km-dən yüksək sürətə çatmasını təmin edən artmış yanma mühərrikinin (afterburner) testlərinin başladığını açıqlayıb.
X-59 necə işləyəcək?
Bu eksperimental təyyarə saatda təxminən 1 490 km sürətlə, 16 700 metr hündürlükdə ABŞ-dakı müəyyən yaşayış məntəqələri üzərindən uçacaq. Bununla da, 30 metrlik bu unikal təyyarənin süpersonik partlayışları nə dərəcədə azaltmağı bacardığı test ediləcək.
Sonik partlayış necə idarə olunur?
Səs baryerini aşarkən yaranan güclü partlayış səslərini minimuma endirmək üçün X-59-da bir sıra mühəndislik yenilikləri tətbiq edilib:
Gövdə forması: Təyyarənin uzun və aerodinamik gövdəsi, xüsusilə uzadılmış burnu, atmosferdəki hava molekulları ilə qarşılaşarkən yaranan şok dalğalarını yaymaq üçün dizayn edilib. Əgər bu dizayn uğurlu olarsa, X-59 ənənəvi süpersonik təyyarələr kimi güclü şok dalğaları yaratmayacaq.
NASA bu barədə belə açıqlama verib:
"Bunun əvəzinə, insanlar yalnız zəif bir "süpersonik tıqqıltı" eşidəcək - əgər ümumiyyətlə nəsə eşidərlərsə".
Mühərrik yerləşimi: Təyyarənin tək mühərriki gövdənin üst hissəsində yerləşdirilib. Bu, mühərrik səsinin birbaşa yerə yönəlməsinin qarşısını almaq üçün edilib.
Kokpit və ön şüşə: X-59 çox nazik dizayna malik olduğundan, pilot kabinəsi təyyarənin ortasına yaxın yerləşdirilib və ön şüşə görünüş açısı məhduddur. NASA bunun üçün eXternal Vision System (XVS) adlı bir sistem hazırlayıb. Bu sistem 4K keyfiyyətində monitor vasitəsilə pilotun uçuş yolunu təhlükəsiz şəkildə izləməsinə imkan yaradır.
Qanadlar: Mühəndislər hava müqavimətini azaltmaq üçün qanadları geriyə doğru süpürülmüş şəkildə dizayn ediblər.
NASA ilk test uçuşlarını 2025-ci ildə keçirməyi planlaşdırır. Bundan sonra "Lockheed Martin" təyyarəni NASA-ya təhvil verəcək. Daha sonra Kaliforniyadakı Edvards Hərbi Hava Bazasının və Armstrong Uçuş Araşdırma Mərkəzinin laboratoriyalarında akustik sınaqlar aparılacaq.
NASA 2026 və 2027-ci illərdə X-59-un seçilmiş ABŞ şəhərləri üzərində sınaq uçuşlarını həyata keçirərək, süpersonik səslərin həqiqətən azalıb-azalmadığını araşdıracaq. Əgər layihə uğurlu olarsa, süpersonik uçuşlar gələcəkdə ticari aviasiyaya geri qayıda bilər.
Paşa Məmmədli