AZ

Qurban Qurbanov: Növbəti mövsüm üçün böyük təcrübə qazandıq

Bakı, 31 yanvar, AZƏRTAC

“Rəqibi təbrik edirəm. Çox vacib qalibiyyət əldə edərək növbəti mərhələyə çıxdılar. Onlara uğurlar arzulayıram”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsində Yunanıstanda “Olimpiakos”a 0:3 hesabı ilə uduzduqları sonuncu - VIII tur oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis avrokuboklardakı uğursuz çıxışa baxmayaraq, növbəti mövsüm üçün böyük təcrübə qazandıqlarını bildirib: “Stadionda yaxşı atmosfer vardı. Çox dinamik oyun getdi. Futbolçularımın yaxşı mübarizə aparması mənim üçün çox vacib idi. Onların ifasında bunu gördüm. Əfsuslar olsun ki, futbol səhvlər üzərində qurulub. Texniki səhvlərdən sonra qapımızda üç qol gördük. Hər bir halda Avropa Liqası bizim üçün bitmişdi. Düşünürəm ki, növbəti mövsümə hazırlaşmaq üçün builki oyunlar bizim üçün böyük təcrübə oldu. Ümumiyyətlə, Avropada futbol tamamilə dəyişir. Məncə, biz gələn il üçün böyük fayda əldə etdik. Hər bir halda futbolçularımın yanındayam. Ötən illərdə belə mərhələlərdən keçmişik, həm uğurlarımız, həm də uğursuzluqlarımız olub”.

Təcrübəli məşqçinin sözlərinə görə, futbolda hər il uğurlu olmaq mümkün deyil: “Bəli, çox qol buraxdıq. Müdafiədə zəif çıxış etdiyimizi qəbul etməliyik. Digər tərəfdən, çox yaxşı komandalara qarşı oynadıq. Ümumiyyətlə, Avropa təcrübəsinə baxsaq, görərik ki, nadir hallarda az top fərqi ilə hesablar olur. Əlbəttə, ötən il daha yaxşı nəticə qazanmışdıq. Bəzən düşündüyünü meydanda edə bilmirsən, rəqib səndən daha üstün olur. Çatışmazlıqları görürük, aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Digər tərəfdən, komandanı ilboyu eyni səviyyədə saxlamaq heç də asan deyil. Çünki futbol kollektiv oyundur. Oyun üslubunu qoruyub saxlamaq üçün futbolçuların formasının da yüksək səviyyədə qalması çox vacibdir. Ola bilər ki, bu baxımdan da müəyyən problemlərimiz oldu. Qarşıda vaxtımız olacaq ki, oyunlarımızı daha yaxşı analiz edib səhvlərimizi tapaq”.

Qurban Qurbanov “Juninyonun satışından əldə olunan vəsaitlə “Qarabağ”a 1-2 milyon dəyərində hücumçu almağı düşünürsünüzmü” sualına isə belə cavab verib: “Məncə, bu sualın ətrafında danışmalı olsam, bir xeyli vaxt lazım olacaq. Juninyo haqqında onu deyə bilərəm ki, yaxşı oyunçu idi. Həmişə demişəm ki, sağlam futbolçuların sayı nə qədər çox olsa, mənim işim bir o qədər asanlaşır. Altı oyunun beşində məğlub olmuşduq. Həmin vaxt Juninyo da bizimlə idi. Matçlar olub ki, kimlərsə oynamasa belə, yaxşı nəticələr əldə etmişik. Ümumi oyunların gedişatına baxsaq, heç də zəif təsir bağışlamamışıq. Biz bu gün Juninyonun satışından əldə olunan 5 milyondan danışırıqsa, bu pulla işlərimiz düzəlməyəcək. Çünki hər il oynadığımız komandaların ümumi büdcələrini müqayisə etsək, biz son pillələrdə qərarlaşırıq. Ola bilər, kənardan görünür ki, hücum xəttində “dişsizlik”dir və yaxud digər mövqelərdə problemlər var. Bunadək 5 milyona oyunçu satmırdıq, ancaq keyfiyyətli komanda formalaşdırmışdıq. Bu gün də komanda keyfiyyətli oynayır, sadəcə uğursuz il oldu. Komandanı formalaşdırmaq haqqında aylardır düşünürük. Əfsuslar olsun ki, bu istiqamətdə müəyyən çətinliklərimiz var. Ancaq nələrisə dəyişmək üçün əlimizdən gələni edəcəyik. Qarşıda vaxtımız olacaq. İnanıram ki, problemin 50 faizini həll edə biləcəyik”.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsini 3 xalla sonuncu pillədə başa vurub.

Seçilən
7
29
azertag.az

10Mənbələr