Qurumun anti-Azərbaycan mövqeyindəki köhnə-yeni motivlərə sözardı
Avropa Parlamentinin iki qurumu ermənipərəst və anti-Azərbaycan mahiyyət daşıyan hesabat hazırlayıb. Bu qurumlardan biri Xarici əlaqələr komitəsi, digəri Nazirlər Şurasıdır. Birincinin hesabatı ümumi təhlükəsizlik və müdafiə məsələləri, ikincininki isə xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi ilə bağlıdır.
Başlayaq, AP-nin Xarici əlaqələr komitəsinin illik hesabatından. Daha doğrusu, Azərbaycanın Qarabağda bu il sentyabrın 19-da həyata keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirlərinin işğalçılıq əməli olaraq qiymətləndirilməsindən. Əlbəttə, son dövrlər bu sayaq yarıtmaz fikirlərin əksini tapdığı hesabatları, məqalələri çox görmüşük. Ona görə ilk baxışdan AP kimi həmişə ölkəmizə qarşı qərəzli münasibəti ilə seçilmiş “pensionerlər klubu”nun qəbul etdiyi sənədlərdə təəccüblənəcək heç nə yoxdur. Amma nəzərə alaq ki, belə yanaşmalar, ümumən, dünyada Azərbaycan əleyhinə mənfi rəy formalaşdırmağa söykənib. Bu səbəbdən onların üzərində dayanmağa ehtiyac duyuruq. Belə kağız parçalarına nəzər salmağa ehtiyac həm də ona görə var ki, bu “hesabatlar” mahiyyətcə erməni avantürizmi üçün illüziya yaradır və onun təsiri yaşadığımız Cənubi Qafqaz regionunda, daha doğrusu, Azərbaycan-Ermənistan şərti sərhədində dərhal hiss olunur.
Bəli, AP-nin Xarici əlaqələr komitəsinin ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsinə dair illik hesabatında ölkəmizin “həyata keçirdiyi hücumun” nəticəsiz qalmamalı olduğu bildirilir və belə bir qənaətə gəlinir ki, Aİ atəşkəsin çoxsaylı pozuntularına görə, guya, məsuliyyət daşıyan Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməlidir. Sənəddə, həmçinin Aİ Azərbaycanla enerji sahəsindəki razılaşmaları dayandırmağa çağırılır.
Göründüyü kimi, ölkəmizə qarşı, ənənəvi, belə demək mümkünsə, sanksiya məntiqi işə salınır. Ancaq hazırda bu “məntiqlə” yanaşı, digər məsələ də önə çəkilir. Təsəvvür edin, AP-nin “hesabat konstruktorları” bu düşüncədədirlər ki, Azərbaycanda insan haqları ilə bağlı dramatik vəziyyət var və buna görə Aİ Bakı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqları dayandırmalıdır: “Aİ-nin Azərbaycanla münasibətlərinin istənilən dərinləşməsi, ölkənin insan hüquqlarının, qanunun aliliyinin, demokratiyanın və əsas azadlıqların, o cümlədən, etnik azlıqların müdafiəsində mühüm irəliləyişlərin qeydə alınması şərti ilə olmalıdır”, – deyə hesabatda bildirilib.
İnsan hüquq və azadlıqlarından söz düşmüşkən, bu sahə müstəvisində manipulyasiyalar müasir dövrün acı gerçəkliklərindən biridir. Deyərdik ki, bu, hətta qatı ermənipərəstlikdən də qat-qat zərərli tendensiyadır. Ancaq, təəssüf ki, Qərb dünyası mövcud xüsusdakı oyunbazlığından qalmır. Ən pisi isə budur ki, təməl prinsipləri siyasi məqsədlərin girovuna çevirir. Diqqət yetirək: İllərdir Azərbaycana qarşı qeyd etdiyimiz ritorikadan istifadə edilir, ittihamlar yağdırılır, ancaq bunun müqabilində ölkəmizlə inkişaf dərinləşdirilir. Buradan gəlinən elementar qənaət budur ki, Qərb dünyası riyakardır. Axı, sual yaranır: Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı dözülməz durum hökm sürürdüsə, bəs nə üçün onunla əməkdaşlıq münasibətləri vüsət alırdı və yenə də vüsət almaqdadır? Sadə məntiqlə yanaşsaq, görərik ki, bəşəri dəyərlərə xəyanət yolu tutan elə Qərbin bəzi dairələrinin özləridir. İndi də xəyanətlərini ermənipərəstlik musiqisinin notlarına kökləyiblər.
Bəli, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin hesabatındakı ermənipərəstlik özünü Aİ-nin Ermənistanda yaratdığı mülki müşahidə missiyasının təriflənməsində də göstərməkdədir. Hesabat müəlliflərinin fikrincə, guya, bu missiya regionda təhlükəsizliyin möhkəmləndirilməsinə müstəsna dəstəkdir. Söhbət Aİ-nin Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfindəki missiyadan gedir. O missiyadan ki, tərkibi pensiyada olan alman polislərindən və fransız jandarmlarından ibarətdir və onların işi-gücü sərhəd boyu ora-bura maşın sürməkdən başqa bir şey deyil. Hərdənbir də əllərindəki sınıq durbinlərlə Azərbaycana tərəf baxırlar. Bütün bunlar isə beynəlxalq rəyə nəinki Ermənistanın, habelə Cənubi Qafqazın təhlükəsizliyinin təminatı tədbiri olaraq sırınır. Necə deyərlər, köhnə hamam, köhnə tas. Sən demə, sözügedən missiyasnın tərkibi, imkanları və coğrafi əhatəsi genişləndirilməli, müddəti daha beş il uzadılmalıdır. Hər şeyi başa düşdük, beş illik müddət necə müəyyənləşdirilir, anlamaq mümkünsüzdür. Üstəlik, əgər missiya təhlükəsizliyi təmin etmək üçündürsə, o zaman nəyə görə onun Azərbaycan ərazisində və Qarabağda fəaliyyət göstərməsi üçün ölkəmizə çağırış ünvanlanır? Axı, Azərbaycan öz təhlükəsizliyini qoruya bilir. Digər tərəfdən, bir sual da meydana çıxır: müşahidəçilərin Qarabağda nə işi var?
Aydındır ki, məsələ təhlükəsizlikdə deyil, Cənubi Qafqazda siyasi məqsədlər reallaşdırmaqda, Qarabağdakı erməni avantürizminin davamı üçün, başqa sözlə desək, tutacaq yerlər tapmaqdadır. Deməli, beş illik müddət təsadüfən seçilməyib. Görünür, avropalılar belə başa düşürlər ki, 2025-ci ildə rus sülhməramlıları bölgəni tərk etdikdən sonra, onların yerini Aİ-nin müşahidə missiyası tutmalıdır. Yəni, təhlükəsizlik ritorikası ilə bağlı başlıca vurğu Ermənistanın və Qarabağın təhlükəsizliyi üzərindədir və deməli, Qərb dünyası İrəvanın Qarabağ iddiası üzərində Cənubi Qafqazda möhkəmlənmək planı qurur. AP-nin Xarici Əlaqələr Komitəsinin hesabatındakı başlıca məram da elə buna “xidmətdir”.
Hesabatdakı digər məqama keçid alaq. Məlumdur ki, son zamanlar dünyanın müxtəlif yerlərindən, o cümlədən, Qərb ölkələrindən Ermənistana silah-sursat axını var. Ölkənin təhlükəsizliyinin, müstəqilliyinin və suverenliyinin qorunmasında Aİ-nin dəstəyinin qeyd olunduğu sənəddə isə tərəflər, yəni Ermənistan və Aİ arasında müdafiə sahəsində daha əhatəli və genişləndirilmiş əməkdaşlıq təşviq edilir. Belə nəticəyə gəlirik ki, avroparlamentarilər İrəvanın Bakıya qarşı duruş gətirəcək qüvvəyə çevrilməsi üçün çağırış edirlər. Bu da sülh qaranquşları! Hər halda, onların məqsədinin qaranquşluq deyil, bayquşluq olduğunun fərqinə vardınız.
Hesabatda Azərbaycanın gələcəkdə, guya, Ermənistana qarşı təcavüz törədəcəyi məntiqi qabardılır. Hazırda bu “məntiq” Qərb dünyası üçün çox populyardır. Ölkəmizin təcavüzkar obrazının formalaşdırılması niyyətinə hesablanmış belə dezinformasiyalarla beynəlxalq ictimaiyyətin çaşdırılması yolu tutulur. Əlqərəz, saxta hesabat müəllifləri təfəkkürlərinin mücərrəd güşəsindən enerji alaraq düşünürlər ki, Azərbaycan Ermənistan üzərinə hücuma keçsə, Azərbaycandan neft və qaz idxalı dayandırılmalıdır. Nə qədər əbləh olasan ki, belə bir sərsəm iddianı gündəmə gətirəsən? Adam təəccüblənir. Mənzərə axmaq adamın oturduğu ağac budağını kəsməsinə bənzəyir. Bu duruma müəyyən mənada sevinməliyik. Sevinməliyik ki, nə yaxşı Avropa Parlamenti söz sahibi deyil...
***
İndi isə qısaca AP-nin Nazirlər Şurasının qəbul etdiyi ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair illik hesabatından söz açaq. Niyə qısaca? Çünki bu hesabat da prinsipcə əvvəl haqqında söz açdığımız sənədin oxşarıdır. Başlıca vurğunun Azərbaycanın Qarabağ ermənilərinə qarşı “əvvəlcədən planlaşdırılmış və əsassız” hücumunun pislənilməsinə qoyulmuş hesabatda bir qədər də “irəli gedilərək” erməni mədəni, tarixi və dini irsinin mühafizəsi tələb olunub. Bildirilib ki, Qarabağ UNESCO standartlarına və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğundur. Təzadlı məqama baxın: bir tərəfdən Qarabağ, faktiki olaraq, Azərbaycana məxsus olmayan ərazi kimi göstərilir, antiterror tədbirləri işğalçı müharibə qismində vurğulanır, məsuliyyət məsələsinə gəlincə, yada Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklər salınır.
Hesabatda “Qarabağa qarşı son hərbi əməliyyat və de-fakto etnik təmizləmə nəticəsində ciddi şəkildə əngəllənən” Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarının davamına dəstək ifadə olunub. Əlbəttə, belə məntiq heç də pozitiv yanaşmadan xəbər vermir. Çünki ardınca bildirilənlər onu deməyə əsas verir ki, avropalıların fikrincə, sülh Ermənistanın hazırkı hakimiyyətinin qorunmasına xidmət göstərməlidir. Heç şübhəsiz ki, həm də gücləndirilməsinə. Görünür, hesabat müəllifləri baş nazir Nikol Paşinyan administrasiyasının təxribatçı hərəkətlərinin yekunda onun iqtidarının laxlaması reallığını doğurduğunun fərqinə varıblar. Onların diqqət yetirdiyi digər məqam isə Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığıdır. Burada da qara-qışqırıq salınması əsas götürülüb. Sanki, kimlərsə ölkəni işğal etməyə hazırlaşırlar...
***
Bəli, əvvəldə də bildirdik ki, Qərb dünyası belə qərəzli və aşkar ermənipərəst niyyət güdən hesabatlar yaymaqla, əslində, Cənubi Qafqazdakı durumu gərginləşdirmək yolu tutur. Çünki hər belə sənəd avantürist məqsədlərə və Azərbaycana qarşı ərazi iddiasına köklənmiş Ermənistan üçün növbəti illüziya qaynağıdır. Regiondakı durumun ağırlaşması isə heç şübhəsiz, həmin Qərbin üstündə əsdiyi Paşinyan iqtidarı üçün acınacaqlı durum vəd edir. Buna görə də avropalıların reallıqları görmələri, ondan çıxış etmələri, anti-Azərbaycan, ermənipərəst kursu dayandırmaları şərtdir. Onlar nəzərə almalıdırlar ki, illüziya bataqlığına çəkdikləri rəsmi İrəvanın həmin bataqlıqda boğulması yalnız məsələsidir.
Ə.RÜSTƏMOVXQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta