AZ

Bakıda tramvay xətlərinin çəkilməsi tıxac probleminin həllinə - NECƏ TƏSİR GÖSTƏRƏCƏK?

Ötən günlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd etdi ki, Mehdiabad və “Sea Breeze” əraziləridə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.

"Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur. “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin", - deyə o bildirib.

Bəs, tramvay xətlərinin çəkilməsinin mövcud nəqliyyat və tıxac probleminin həllinə necə təsir göstərəcək?

FED.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Yasin Musatafayev bildirib ki, nəqliyyat sferasında atılan adımlar bizə ümid verir ki, yüksək səviyyədə siyasi iradə göstərilərək məsələlərin həlli istiqamətində çalışılır.

"Bu məsələnin əsas prioritetləri ictimai nəqliyyatın işinin optimallaşdırılmasıdır. Tramvay xətlərinin şəhər mərkəzində, yaşayış məntəqələrində, iş yerlərinə yaxın olması o qədər məsləhət deyil, çünki səs kirliliyi yaradır, müəyyən mənfi təsirləri olur. Amma qəsəbələr arası, həmçinin Bakı ətrafı, kəndlər arasında olması çox böyük perspektiv vəd edir.

“Sea Breeze” yaşayış massivindən, eyni zamanda Mehdiabad qəsəbəsindən keçməklə yaradılacaq tramvay xətti də ümid edirik ki, ictimai nəqliyyatın işinin optimallaşdırılmasında, eyni zamanda da nəqliyyat sıxlığının azalmasında mühüm addım olacaqdır", - deyə o bildirib.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə qeyd edib ki, “Sea Breeze”in metrolara və yaxud böyük və hərəkət sıxlığı olan ərazilərə çıxışı yoxdur.

"Koroğlu metrostansiyasına qismən yaxındır, amma bu da yetərli deyil. Əsas, yəni şəhərin mərkəz əraziləri olan 28 May, Azadlıq, Gənclik metrostansiyası kimi hərəkət axınlarının intensivliyi olan ərazilərə çıxışı yoxdur. Tramvay, metro kimi nəqliyyat vasitələrinin olması, təbii ki, tıxaca təsir edəcək. Sözügedən ərazilərə tramvay xətlərinin çəkilməsi bəhrəsini verəcək.

Müsbət tərəfi olacaq ki, sərinşinlərin və axınların idarə edilməsi mütəşəkkil bir şəkildə davam edəcək", - deyə o vurğulayıb. (Trend)

Seçilən
0
28
fed.az

10Mənbələr