“Biz Brüsselin tələblərinə tabe olmaq istəmədiyimiz üçün Avropa İttifaqı ilə danışıqları dayandırdıq, çünki bu tələblər danışıqlar mövzusu ola bilməzdi”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İsveçrənin “Neue Zürcher Zeitung” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, konkret məsələlərin olacağı halda Gürcüstan Avropa İttifaqı ilə danışıqları bərpa etməyə hazırdır.
Dövlət başçısı bildirib ki, etiraz aksiyaları vasitəsilə Gürcüstanda inqilabi prosesləri təşviq etməyə çalışan qüvvələr var.
“Bizim hərəkətlərimiz düşünülmüş, rasional və uzunmüddətlidir. Konkret avropalı deputatlar, ayrı-ayrı bürokratlar və xarici işlər nazirləri demokratik prinsipləri pozurlar. Onların seçkiqabağı mitinqlərə müdaxiləsi yolverilməzdir. Biz bu proseslərin haradan qaynaqlandığını və arxasında kimin dayandığını bilirik, ona görə də müqavimət göstərə bilirik”, - M.Kavelaşvili əlavə edib.