Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində Xorvatiyanın qonağı olacaq.
"Operativ Media" xəbər verir ki, millimizin təcrübəli üzvlərindən Fərid Atakişiyev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında hazırlığı dəyərləndirib.
O, 4 gündür məşq keçdiklərini bildirib: “Bakıdakı 2 günlük məşqlərdən sonra son 2 məşqimizi Pula şəhərində reallaşdırdıq. Təbii ki, səfərə erkən yollanmağımız zala yaxşı bələd olmağımız və vaxta uyğunlaşmağımız baxımından vacib idi. Bu cür oyuna hazırlaşmaq üçün 4 gün az olsa da, maksimum istifadə etməyə çalışdıq”.
Futzalçı istəkli olduqlarını söyləyib: “Əlbəttə, bilirik ki, bizi ağır oyun gözləyir. Xorvatiya millisi hər zaman öz dəst-xətti ilə seçilib. Güclü, iddialı rəqibdir, qrupun favoritidir. Bu görüşdən sonra Bakıda Yunanıstanla qarşılaşacağıq. Son illər inkişaf edən Yunanıstan millisi seçmə mərhələyə iddialı başlayıb. İlk oyunda səfərdə İsveçi məğlub etməkləri bunun göstəricisidir. Təbii ki, Bakıdakı görüş fərqli olacaq”.
Fərid Atakişiyev rəqibin zəif və güclü tərəflərini bildiklərini vurğulayıb: “İndiki məqamda bütün diqqətimizi Xorvatiya ilə oyuna yönəltmişik. Rəqib komandanı məşqçilər korpusu analiz edib, zəif, istifadə edə biləcəyimiz cəhətlərini deyiblər. Heyətimizdə həm gənc, həm də təcrübəli futzalçılar var. Əl-ələ verib uğurlu nəticə qazanmaq üçün mübarizə aparacağıq. Komandamızın tam formalaşması üçün zamana ehtiyac var. Hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Pula şəhərində yerləşən Mate Parlov İdman Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.