AZ

İtaliya DeepSeek-i bloklayıb

Bakı,TurkicWorld

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi Təşkilatı (GPDP) Çinin süni intellekt proqramı DeepSeek-ə girişin bloklandığını açıqlayıb.

TurkicWorld xəbər verir ki GPDP-nin yazılı bəyanatına əsasən, İtalyan istifadəçilərinin məlumatlarının emal olunmasının qarşısını almaq üçün "Hangzhou DeepSeek Artificial Intelligence" və "Beijing DeepSeek Artificial Intelligence" şirkətlərinə məxsus DeepSeek chatbot xidmətinə təcili giriş qadağası qoyulub.

Qeyd edilib ki, girişin bloklanması ilə yanaşı, eyni vaxtda DeepSeek ilə bağlı araşdırmaya başlanılıb və tətbiq çərşənbə günündən etibarən İtaliyadakı rəqəmsal mağazalarda yükləmə üçün əlçatan deyil.

Dünən GPDP Çin süni intellekt tətbiqləri ilə bağlı araşdırma aparmağa başlayıb və onların hansı şəxsi məlumatları, hansı mənbələrdən, hansı məqsədlərlə və hansı qanuni əsaslarla topladığını yoxlamağı tələb edib.

Belə ki, GPDP 2023-cü ilin mart ayında ABŞ-da yerləşən OpenAI-nin ChatGPT süni intellekt tətbiqi ilə bağlı da araşdırmaya başlamış və şəxsi məlumatların toplanması qaydalarının pozulduğuna dair şübhələr səbəbindən tətbiqə girişi müvəqqəti olaraq dayandırmışdı.

Qeyd edək ki, Çindəki High-Flyer Capital Management fondu tərəfindən dəstəklənən DeepSeek, 20 yanvar tarixində yeni açıq mənbəli DeepSeek-R1 modelini təqdim edib. Bu model, digər süni intellekt şirkətləri ilə müqayisədə daha az çip və daha aşağı qiymətə hazırlanıb. Qısa müddət ərzində qlobal miqyasda geniş istifadə edilən DeepSeek süni intellekt modeli, ABŞ-da yerləşən ChatGPT-ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramı olub.

Seçilən
3
4
turkic.world

10Mənbələr