AZ

Çinin süni intellekt modeli 30 dəfə ucuzdur

Çinin “DeepSeek” şirkəti yeni chatbotunu istifadəyə verib. “DeepSeek-R1” modelinin rəqibləri ilə müqayisədə bir çox üstünlükləri var. Avadanlıq ucuzdur, təlim xərcləri xeyli aşağıdır. Məsələn, bu model “OpenAI”nin “o1” modelindən 30 dəfə ucuzdur. Onun hazırlanması 5,6 milyon dollara başa gəlib ki, bu da Qərb analoqları ilə müqayisədə çox kiçik rəqəmdir. 

Keçən il “Anthropic” süni intellekt şirkətinin həmtəsisçisi Dario Amodei iddia edirdi ki, bu gün qabaqcıl modellərin hazırlanması xərcləri 100 milyon dollardan 1 milyard dollara qədərdir. Bu model “o1”dən ucuz olsa da, rəqibi ilə müqayisə oluna biləcək səviyyədədir. O açıq mənbə kodlu formada təqdim edilir. Bu, istənilən şirkət və ya istifadəçiyə süni intellektdən istifadə etmək üçün geniş imkanlar açır.

Yeni model istifadəsinin pulsuz olması ilə yanaşı, həm də bir neçə dil tanıması, məntiqi düşüncəsi, cavabların daha effektiv və dəqiq olması ilə seçilir. O riyazi məsələlərin həlli tapşırıqlarında 97 faiz dəqiqlik göstərərək sektorda yüksək nəticələrdən birini əldə edib. Eyni zamanda, kodlaşdırma testlərində insanların 97 faizini üstələyib. İnsan düşüncələrini də imitasiya edə bilir. Modelin yaradılması zamanı daha ucuz H800 və A100 çiplərindən istifadə edilib. Bir sözlə, az xərclə yüksək nəticəyə nail olunub. Bu, gələcək süni intellekt modellərinin  bahalı çiplərindən daha az asılı olmasına səbəb olacaq.

R1 modelinin təqdimatından sonra “DeepSeek” yükləmələrin sayına görə “ChatGPT”ni ötüb. Çin, ABŞ, Böyük Britaniya və BƏƏ də daxil olmaqla bir çox ölkədə “AppStore” reytinqlərində liderlik edib. Tətbiq, həmçinin Almaniya, Səudiyyə Ərəbistanı, Fransa, Türkiyə, Niderland və Yaponiya kimi ölkələrdə ən populyar beşlik sırasında yer alıb. 

Parlaq uğurun səbəbi yuxarıda qeyd etdiyim kimi istifadəçilər üçün pulsuz və son dərəcə təkmil olmasıdır. Digər süni intellekt sistemləri isə ödənişli abunə tələb edir. Abunəlik olsa belə, istifadəçilər onlardan məhdud dərəcədə istifadə edə bilərlər. R1-in isə heç bir məhdudiyyəti yoxdur və ondan limitsiz istifadə etmək olar.

Çin istehsalı olan süni intellektin tətbiqi və onun qısa müddətdə populyarlaşması isə ABŞ texnologiya sektoruna ağır zərbə vurub, birjaların çöküşünə səbəb olub. “Nasdaq” indeksi ilə ticarət edən şirkətlərin kapitallaşması bir trilyon dollar itirib. Xüsusilə qeyd etmək lazımdır ki, “DeepSeek”in uğuru səbəbindən dünyanın 500 ən varlı şəxsinin sərvəti 100 milyard dollardan çox azalıb. “Bloomberg”in məlumatına görə, ən çox zərərlə ABŞ-ın “Nvidia” şirkətinin rəhbəri Censen Huanq üzləşib və onun zərəri 20 milyard dollardan çox olub. Şirkətin səhmləri isə yanvarın 27-də 18 faiz ucuzlaşıb. ABŞ-ın çip istehsalçı şirkəti üçün bu, təqribən 600 milyard dollar kapital və ən bahalı şirkət statusunun itirilməsi deməkdir. Bununla yanaşı, “Dell” şirkətinin təsisçisi Maykl Dell 13 milyard dollar, “Binance”in yaradıcısı Çanpen Çjao isə 12 milyard dollardan çox itirib.

“DeepSeek R1”in təqdimatı süni intellektə xərclənən milyardlarla dolların  nə dərəcədə səmərəli olmaması ilə bağlı suallar doğurdu və ABŞ-ın süni intellekt sahəsində dünya lideri olması fikrini şübhə altına aldı.

Mətbuatda yayılan məlumata görə, yeni modelini təqdim edən “DeepSeek”in əsas səhmdarları “High-Flyer” fondunun həmtəsisçisi Liang Fenfengdir. Liang 2021-ci ildə süni intellekt modellərini hobbi kimi inkişaf etdirmək üçün “Nvidia” çiplərini almağa başlayıb. 2023-cü ildə Çinin şərqindəki Hançjou şəhərində “DeepSeek” şirkətini qurub.

L.Fenfeng bu yaxınlarda Çinin Baş naziri Li Qianın evsahibliyi etdiyi toplantıda iştirak edib. Çin alimləri bunu “DeepSeek”in süni intellekt sənayesində artan nüfuzunun əlaməti olduğunu söyləyib.

Süni intellektlə işləyən bir çox amerikalı sahib­karlardan fərqli olaraq, Lianq maliyyə sahəsində də təcrübəyə malikdir. Onun “High-Flyer” fondu iqtisadi məlumatlarını təhlil etmək üçün süni intellektdən istifadə edir. İnvestisiya qərarları vermək üçün fundamental təhlilə və insan mülahizələrinə güvənməkdənsə, statistik metodlardan, riyazi modelləşdirmədən və kompüter alqoritmlərindən istifadə etməyə üstünlük verir.

Çin mediasına verdiyi müsahibədə Liang, “Süni intelekt ucuz və hər kəs üçün əlçatan olmalıdır” deyib.  Onun fikrincə, Çin bu sahədə ABŞ-dan cəmi bir-iki il geri qalır.

PÜNHAN
XQ

 

Seçilən
2
24
xalqqazeti.az

10Mənbələr