Çərşənbə axşamı Vaşinqton yaxınlığında American Airlines şirkətinə məxsus sərnişin təyyarəsi ilə ABŞ-ın hərbi helikopterinin havada toqquşmasının səbəbləri ABŞ-ın bir neçə agentliyi tərəfindən araşdırılır.
Paytaxt Vaşinqtonda federal və yerli rəsmilər cümə axşamı deyib ki, American Airlines şirkətinə məxsus və PSA Hava Yolları tərəfindən idarə olunan təyyarənin 64 sərnişin və ekipaj üzvü, habelə Ordu UH-60 Black Hawk helikopterinin üç ekipaj üzvü arasında sağ qalan olmayıb.
İki hava nəqliyyat vasitəsi sərnişin təyyarəsi Vaşinqton yaxınlığında Arliqton şəhərindəki Ronald Reyqan Milli Hava Limanına enməyə yaxınlaşdığı vaxt toqquşub və nəticədə hər ikisi hava limanı yaxınlığındakı Potomak çayına düşüb. Axtarış əməliyyatları davam edir.
Ağ Evdə qəza ilə bağlı keçirilən mətbuat konfransında Prezident Donald Trampa qatılan ABŞ Nəqliyyat Naziri Şon Daffi deyib ki, həm təyyarə, həm də helikopter toqquşmaya qədər “standart uçuş sxemləri” ilə hərəkət edib.
Tramp, mətbuat konfransında qurbanlar üçün bir dəqiqəlik sükuta çağırıb və cəsədlərin axtarış əməliyyatında lokal, ştat və federal səviyyədəki bütün imkanlardan istifadə edildiyini bildirib.
O deyib ki, qəzanın səbəbləri ilə bağlı araşdırmaya Federal Aviasiya Administrasiyası və ABŞ hərbi aviasiya təhqiqat bölməsinin daxil olduğu Milli Nəqliyyat Təhlükəsizliyi Şurası rəhbərlik edir.
Tramp həmçinin Demokrat prezidentlər Barak Obama və Co Baydenin başçılıq etdiyi əvvəlki administrasiyaların hava nəqliyyatı dispetçerlərinin işə götürülməsində istifadə olunan standartları aşağı saldıqlarına işarə edib və bunun üçün federal hökumətdə Müxtəliflik, Bərabərlik və İnklüzivlik (DEI) təşəbbüslərinə istinad edib. O, keçən həftə imzaladığı sərəncamlar vasitəsilə bu təşəbbüsləri ləğv etdiyini bildirib.
Hava nəqliyyatı dispetçerləri ilə bağlı isə Tramp “Biz ən parlaq, ən ağıllı, ən kəskin olanları istəyirik. Biz psixoloji cəhətdən üstün olanları istəyirik və bunu da edəcəyik,” deyib.
Tramp deyib ki, mümkündür ki, helikopterin ekipaj üzvünün günahı olub, ancaq bu, istintaq zamanı ortaya çıxacaq. Müxtəliflik təşəbbüsünün qəzaya səbəb olduğu nəticəsində necə vardığına dair suala isə o, "sağlam düşüncəyə sahib olduğum üçün" deyə cavab verib.
ABŞ-ın müdafiə naziri Pit Heqset də mətbuat konfransında çıxış edib. O deyib ki, ABŞ ordusunun helikopteri illik təlim uçuşu həyata keçirib və “faciəli şəkildə səhvə yol verilib. Bir növ yüksəklik problemi olub ki, biz dərhal bunu araşdırmaya başlamışıq.”
İki hava nəqliyyat vasitəsi sərnişin təyyarəsi Vaşinqton yaxınlığında Arliqton şəhərindəki Ronald Reyqan Milli Hava Limanına enməyə yaxınlaşdığı vaxt toqquşub və nəticədə hər ikisi hava limanı yaxınlığındakı Potomak çayına düşüb.
Cümə axşamı hava limanında keçirilən mətbuat konfransında Yanğınsöndürmə İdarəsinin rəisi Con Donnelli bildirib ki, gecə ərzində 300-ə yaxın təcili yardım ekipajı təxminən 2,5 metr dərinliyi olan soyuq suda çətin şəraitdə işləyib.
Donelli cümə axşamı səhər saatlarında təyyarədən 27 insanın cəsədi və helikopterdən 1 ekipaj üzvünün çıxardıqlarını bildirib. O həmçinin bildirib ki, onun agentliyi yalnız tibbi ekspertizaya təhvil verilən cəsədlərin sayını bildirir və bu rəqəmlər digər hesabatlardan fərqli ola bilər.
Onun sözlərinə görə, külək və suyun hərəkəti dağıntıları ən azı bir-iki kilometr çayın aşağısına doğru yayıb.
Virciniya ştatından olan hər iki ABŞ senatoru Tim Keyn və Mark Uorner mətbuat konfransında Vaşinqton bölgəsindəki hava trafikinin səviyyəsi ilə bağlı illər ərzində narahatlıqlarını ifadə etdiklərini, lakin indi bu məsələləri gündəmə gətirmək üçün uyğun vaxt olmadığını bildiriblər.
ABŞ Fiqurlu Konkisürmə federasiyasının bildirdiyinə görə, təyyarədəki sərnişinlər arasında idmançılar, məşqçilər və ailə üzvləri də daxil olmaqla, federasiyanın bir neçə üzvü olub.
Kanzaslı ABŞ senatoru Rocer Marşall brifinqdə deyib ki, “Biz yaxınlarını itirən ailələrlə birlikdə yas tuturuq”.
"Bütün bu həyatlar çox qiymətlidir və onları itirməyimiz faciədir", Marşal əlavə edib.
Kreml və Rusiya mətbuatı təyyarədə dünya çempionları Evgeniya Şişkova və Vadim Naumov da daxil olmaqla, bir neçə rus fiqurlu konkisürənlərin olduğunu bildirib.
Yaxınlıqdakı Kennedi Mərkəzindəki təhlükəsizlik kameralarından çəkilmiş görüntülərdə böyük partlayışdan əvvəl iki işığın bir-birinə yaxınlaşdığı görünür. Əldə olunan son məlumatlara əsasən, toqquşma zamanı təyyarə təxminən 120 metr yüksəklikdə olub.
visiontv.az