Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, 7-ci köndələn küçəsində hərbi sursatların aşkar edilməsi barədə ilkin məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Herbiand.az-a bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itdən istifadə olunmaqla aparılan əməliyyat nəticəsində döyüş tətbiqinə yararlı 21 ədəd F-1 əl qumbarası, 9 ədəd 7x62 mm-lik mərmi və 1 ədəd təlim üçün F-1 əl qumbarası aşkar edilib.
Aşkar edilmiş sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.