AZ

Macarıstan səfiri: "Azərbaycan Mərkəzi Asiya və Avropanın kəsişməsində strateji tərəfdaşdır"

Macarıstan Azərbaycanı Mərkəzi Asiya və Avropanın kəsişməsində yerləşən strateji tərəfdaş kimi qiymətləndirir.

“Report” xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən “Daha "yaşıl" gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə bildirib.

Diplomatın sözlərinə görə, Azərbaycan təkcə Mərkəzi Avropa üçün deyil, ümumilikdə Avropa qitəsinin enerji təhlükəsizliyində əsas rol oynayır:

“Məhz buna görə də əməkdaşlığımız yalnız neft və təbii qaz sektorunu əhatə etmir. Azərbaycan, Gürcüstan, Rumıniya və Bolqarıstan ilə birlikdə Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan “yaşıl enerji dəhlizi” layihəsi çərçivəsində də sıx tərəfdaşlıq edirik. Bu layihə bərpa olunan mənbələrdən əldə olunan elektrik enerjisinin təchizatını mümkün edəcək və təkcə Mərkəzi Avropa deyil, bütün region üçün rəqabət qabiliyyətini artıracaq”.

Səfir, həmçinin qeyd edib ki, Macarıstan ilə Azərbaycan arasında əlaqələr strateji xarakter daşıyır və demək olar ki, bütün sahələrdə yüksək səviyyədə inkişaf edir:

“Xarici İşlər Nazirlikləri arasında keçirilmiş son məsləhətləşmələrdə də vurğulandığı kimi, əsas məqsədlərimizdən biri əməkdaşlığın genişləndirilməsi üçün konkret və real istiqamətləri müəyyənləşdirməkdir. Bu gün keçirilən konfransın məqsədi isə “yaşıl enerji” sahəsində beynəlxalq əməkdaşlığın perspektivlərini dəyərləndirmək və onun inkişafına dair mümkün ssenariləri nəzərdən keçirməkdir”.

Seçilən
128
50
report.az

10Mənbələr