AZ

Əmək bazarı ilə təhsil sistemi arasında uyğunsuzluq: İşsiz qala bilərsiz!

Texnologiyanın sürətlə inkişaf etdiyi və süni intellektin həyatımıza daha çox inteqrasiya olduğu bir dövrdə universitetlərdə tədris olunan ixtisaslar  zamanın tələbinə uyğun cavab verməlidir. Bəs ölkə universitetlərində hansı yeni ixtisaslar açılmalıdır? Gələcəyin ən yaxşı ixtisasları hansılardır?
Bu barədə Moderator.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki,  süni intellektin və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə universitetlərdə mövcud olan ixtisasların əmək bazarının tələblərinə cavab verib-verməməsi sual altındadır:
“Bugünkü reallıq göstərir ki, bir çox klassik ixtisaslar artıq həm texnoloji yeniliklərə, həm də iş dünyasının gözləntilərinə uyğun gəlmir. Əmək bazarında aktual olmayan və işəgötürənlərin tələblərinə cavab verməyən ixtisaslar universitet məzunlarının işsizlik faizini artırır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ali təhsil müəssisəsini bitirən gənclərin 36,4 faizi məzun olduqdan ilk bir il ərzində iş tapmayıb. Bu isə təhsil proqramları ilə real əmək bazarı arasında ciddi uyğunsuzluğun olduğunu göstərir. “Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu”nun 14.2-ci maddəsində qeyd olunur ki, “Ali təhsil sisteminin əsas məqsədi əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı kadrlar hazırlamaqdır.” Lakin bu məqsəd çox vaxt yalnız formal şəkildə bəyan edilir. Universitetlərdə eyni ixtisasların kütləvi şəkildə, təkrar və müasir bazar standartlarından uzaq formada tədris olunması nəticəsində rəqabətə davamlı məzun sayı azalır. Ənənəvi olaraq hüquqşünaslıq, menecment, maliyyə, beynəlxalq münasibətlər və iqtisadiyyat ixtisasları demək olar ki, hər universitetdə təklif olunur. Bu ixtisaslar üzrə məzun sayı çox olsa da, onların yalnız kiçik bir hissəsi real sektorda işlə təmin oluna bilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023-cü ilə aid hesabatında göstərilir ki, işə düzələn hüquq fakültəsi məzunlarının faizi 28.9, menecment və marketinq ixtisası üzrə isə bu rəqəm cəmi 25.3 faiz təşkil edib”.
Təhsil eksperti əlavə edib ki, bəzi universitetlərdə yeni texnoloji istiqamətlərin tətbiq olunmağa başlanması müsbət tendensiya kimi qeyd edilə bilər:
“Məsələn, ADA Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universiteti artıq süni intellekt, məlumatların analizi (data science), kibertəhlükəsizlik, proqram mühəndisliyi kimi sahələr üzrə müasir proqramlar təqdim edir. Bu proqramlar həm məzmun, həm də tədris metodikası baxımından beynəlxalq standartlara yaxınlaşmaqdadır. Məsələn, Bakı Mühəndislik Universitetinin “Maşın öyrənməsi və Süni intellekt” ixtisası 2023-cü ildə ilk buraxılışını verib və bu ixtisas üzrə tələbələrin 80 faizdən çoxu artıq məzun olmamışdan əvvəl yerli və xarici texnologiya şirkətlərində təcrübəyə cəlb olunmuşdu. Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, inkişaf etmiş ölkələr ali təhsili statik deyil, çevik və bazar yönümlü formalaşdırır. ABŞ-da Stanford, MIT, Almaniyada RWTH Aachen, Sinqapurda NUS kimi nüfuzlu universitetlər süni intellekt, robot texnikası, biotexnologiya, rəqəmsal hüquq, kvant kompüter texnologiyaları üzrə yeni ixtisaslar təqdim edir və bu proqramların məzmunu hər il təzələnir. Bundan əlavə, bir çox universitet artıq modulyar təhsil sisteminə keçid edir — bu sistemdə tələbələr özlərinə uyğun fərdi ixtisas profili yarada bilir. Məsələn, bir tələbə kompüter elmlərini psixologiya ilə birləşdirərək insan-kompüter qarşılıqlı əlaqəsi (Human-Computer Interaction) üzrə təhsil ala bilir”.
 
K.Əsədov hesab edir ki, Azərbaycan ali təhsil sistemi isə hələ də böyük ölçüdə klassik fakültə və ixtisas strukturunu qoruyur:
“Bəzi universitetlərdə süni intellekt və ya kibertəhlükəsizlik ixtisasları olsa da, bu sahədə dərs deyən kadrların bir qismi təcrübə baxımından zəifdir, proqramların məzmunu isə bəzən real sektorun ehtiyaclarına uyğun deyil. Bu isə “Təhsil haqqında Qanun”un 16.1-ci maddəsində qeyd olunan “tədrisin elmi-nəzəri və praktiki əsaslar üzərində qurulması” prinsipinin pozulmasına səbəb olur. Məzunlar nəzəriyyə ilə silahlanmış olur, lakin tətbiqetmə bacarığı zəif olduğu üçün əmək bazarında rəqabətə tab gətirmirlər. Əgər universitetlər sürətlə dəyişən dünyaya ayaq uydurmaq istəyirsə, ilk növbədə əmək bazarında artıq öz aktuallığını itirmiş ixtisasları ləğv etməli və ya onları yeni tələblərə uyğunlaşdırmalıdır. Məsələn, klassik “maliyyə” ixtisası artıq “fintech və rəqəmsal maliyyə”, “iqtisadiyyat” isə “data əsaslı iqtisadi analiz” kimi ixtisaslarla əvəzlənə bilər. Həmçinin, “tərcüməçilik” ixtisası artıq öz aktuallığını süni intellektin avtomatik tərcümə imkanları fonunda itirməkdədir və bu sahə “multimodal kommunikasiya texnologiyaları” kimi daha geniş və texnoloji platformaya keçməlidir. Əvəzində, süni intellekt mühəndisliyi, kvant texnologiyaları, bioinformatika, süni intellektin etik və hüquqi aspektləri, yaşıl texnologiyalar və ağıllı kənd təsərrüfatı kimi ixtisaslar təklif edilməlidir. Bu ixtisasların tətbiqi tələbələrin gələcək rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin strateji inkişaf hədəflərinə də uyğundur. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də texnologiyaya əsaslanan təhsilin və insan kapitalının inkişafı xüsusi yer tutur. Həmin sənəddə qeyd olunur: “İqtisadi inkişaf üçün əsas amil innovativ və rəqabətqabiliyyətli insan kapitalıdır.””.
 
“Təhsil sistemində ixtisasların çevik və dinamik şəkildə dəyişməsi yalnız universitetlərin deyil, həm də dövlət siyasətinin koordinasiyalı yanaşmasından asılıdır. İxtisas siyahıları əmək bazarındakı dəyişikliklərə əsasən hər 3-5 ildən bir yenidən nəzərdən keçirilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Elm və Təhsil Nazirliyi arasında inteqrasiya olunmuş platforma yaradılaraq, hansı ixtisaslara real tələbatın olduğu vaxtaşırı olaraq ictimaiyyətə açıqlanmalıdır. Bu, abituriyentlərin doğru seçim etməsinə yardım edə bilər. Ümumilikdə, texnologiya əsrində universitetlərin və gənclərin uğur qazanması üçün əsas şərt çeviklik, çevrəyə uyğunlaşma və biliklərin praktiki tətbiqə yönəlməsi ilə bağlıdır. Yeni dövr yeni ixtisaslar tələb edir. Əgər bu transformasiya baş verməzsə, universitetlər yalnız diplom verən müəssisələrə çevriləcək, lakin bu diplomların dəyəri getdikcə azalacaq. Halbuki düzgün strukturlaşdırılmış, texnologiyaya əsaslanan və əmək bazarına inteqrasiya olunan təhsil sistemi həm milli iqtisadiyyata, həm də gənclərin şəxsi rifahına ciddi töhfə verə bilər”,- deyə eksperti Kamran Əsədov vurğulayıb.
 
Mehin Mehmanqızı
 
Seçilən
306
40
moderator.az

10Mənbələr