Son zamanlar dünyada, həmçinin Azərbaycanda ürək çatışmazlığından əziyyət çəkən və dünyasını dəyişənlərin sayı artmaqdadır. Hətta hazırki dönəmdə artıq bu insanlar tərəfindən qəbuledilən bir hala çevrilib.
Professor Adil Qeybulla Bizim.Media-ya sözügedən mövzu ilə bağlı açıqlamasında bildirdi ki, ürək-damar xəstəliklərindən ölüm halları bu gün ön sıradadır.
“İnsanlar həddən artıq qida qəbul edir, az hərəkət edir, tənbəllik edir və fiziki aktivlik çox aşağı səviyyədədir. Burda əsas məsələ qəbul edilən kolori ilə, sərf edilən kolori arasında bir disbalansın olmasıdır. Nəticədə orqanizimdə maddələr mübadiləsi pozulur, xolesterin yaranır”, - deyə o bildirib.
Müsahibimiz eyni zamanda diqqətə çatdırıb ki, biz əhali arasında ümumi sağlamlaşdırma proqramına keçməliyik:
“Bu istiqamətdə təbliğat da güclənməlidir. Sağlamlaşdırma proqramlarının olması vacib şərtlərdən biridir. Bu gün təəssüflər olsun ki, siqaret çəkənlərin, eyni zamanda, xanımlar arasında alkoqol qəbul edənlərin sayı günü-gündən artır”.
O əlavə edib ki, əslində bu tendensiya bütün dünyada var. Ancaq ölkəmizdə insanlar arasında tənbəlləşmə çox güclüdür.
Aygün Hüseyn, Bizim.Media