AZ

Tovuzda 700-dən çox şagirdi olan məktəb binası QƏZALI VƏZİYYƏTDƏ – FOTO/VİDEO

Tovuzun Əyyublu kəndindəki Sahib İskəndərov adına tam orta məktəbin binası bərbad vəziyyətdədir.

Bu barədə Bizim.Media-ya məktəbin adını daşıyan şəhidin anası Sənubər İskəndərova məlumat verib.

O bildirib ki, 700-dən çox şagirdi olan məktəb binasının divarları uçub dağılır:

“Hər dəfə məktəbin binasını görəndə ürəyim sızıldayır. Oğlumun adını daşıyan məktəbin binasının, - ona bina demək olarsa əgər, - divarları uçub tökülür. Sinif otaqlarının döşəməsi qopuq-qopuqdur. Qapı-pəncərəsi köhnə, girişi yaman gündədir. Kənardan baxanda deməzsən ki, bura məktəbdir.

Neçə ildir deyirlər, təmir edəcəklər, amma düzəltmirlər. Hər il ümidlə gözləyirəm ki, bəlkə bir tərpəniş olar, di gəl, yoxdur. Yaşlı adamam, gözləyirəm düzəltsinlər, ölmədən balamın adını yaşadan yerin gözəl olduğunu görüm”.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən bildirdilər ki, onların tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri olunması əsas prioritetlərindəndir:

“Son iki ildə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 70-dən çox məktəbdə cari, 4-ündə əsaslı təmir işləri aparılıb, 4 məktəb binası sökülərək yenidən tikilib.

Bildiririk ki, adıçəkilən Tovuz rayonu Sahib İsgəndərov adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin binasının cari vəziyyəti ilə bağlı məlumatlıyıq. Regional Təhsil İdarəsini əməkdaşları tərəfindən təhsil müəssisəsinə baxış keçirilib və məktəbin maddi-texniki bazasının möhkəmkəndirilməsi istiqamətində qiymətləndirmələr aparılır.

Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.





















Rəna Cumaqızı, Bizim.Media

Seçilən
96
34
bizim.media

10Mənbələr