AZ

Vladimir Bolya: “Moldova Azərbaycanla uzunmüddətli qaz müqavilələri ilə bağlı fəal danışıqlar aparır” – MÜSAHİBƏ

Moldova Avropa İttifaqına (Aİ) inteqrasiya kursu kontekstində xarici iqtisadi əlaqələrin genişləndirilməsi və infrastrukturun modernləşdirilməsi üçün səylərini artırır. Ölkənin əsas prioritetləri nəqliyyat-logistika şəbəkəsinin inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi və Cənubi Qafqaz ölkələrindən sərmayələr də daxil olmaqla xarici investisiyalar üçün cəlbedici mühitin yaradılmasıdır. Kişineu Azərbaycanı bu istiqamətlərdə mühüm strateji tərəfdaş kimi nəzərdən keçirir.

Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolya “Report”a eksklüziv müsahibəsində ölkənin logistika mərkəzinə çevrilməsi planları, enerji, nəqliyyat və aqrar-sənaye sahələrində Azərbaycanla əməkdaşlıq perspektivləri, həmçinin Moldovanın davamlı inkişafı çərçivəsində azərbaycanlı investorlar üçün imkanlar barədə danışıb.

Müsahibəni oxuculara təqdim edirik:

- Avropaya inteqrasiyaya və ticarət marşrutlarının şaxələndirilməsinə can atması fonunda Moldovanın qarşısında infrastrukturun inkişafı və xarici iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində hansı vəzifələr durur?

- Biz Moldova Respublikasını Ukraynanı Avropa İttifaqı ilə və əksinə - Aİ-ni Ukrayna ilə birləşdirən bütün ticarət dəhlizlərinə qoşmağa çalışırıq. Məqsədimiz bu marşrutların mühüm həlqəsinə, logistika mərkəzinə çevrilməkdir ki, bu da iqtisadi inkişafa və xarici ticarət əlaqələrinin gücləndirilməsinə töhfə verəcək.

Bu kontekstdə biz avtomobil yolu, dəmir yolu və aviasiya infrastrukturumuzun ümumi Avropa şəbəkəsinə inteqrasiyası üzərində fəal şəkildə işləyirik. Hazırda biz Azərbaycandayıq və səmərəli görüşlər keçiririk. Dünən Baş nazir Əli Əsədov ilə görüş oldu və biz Azərbaycan tərəfinin tam dəstəyini hiss edirik. 2022-ci ildən etibarən hökumətlərimiz arasında güclü və konstruktiv münasibətlər qurulub. Bu, artıq yüksək səviyyədə keçirilən ikinci görüşdür və bu gün hökumətlərarası komissiyanın altıncı iclası keçirilib. İclasda Moldovanın Aİ-yə yaxınlaşması yolunda Azərbaycanın tərəfdaşı kimi potensialını müzakirə etdik.

Biz Moldovada həm sərnişin, həm də yük daşımaları üçün müasir aviasiya mərkəzi yaratmaq niyyətindəyik. Azərbaycanlı investorları Moldovaya gəlməyə və bu layihədə iştirak etməyi nəzərdən keçirməyə dəvət edirik. Bu gün həmçinin hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək və burada biz Moldovanın investisiya imkanlarını təqdim edəcəyik.

2027-ci ilə qədər milli qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılmasını tamamlamağı, 2030-cu ilə qədər isə Avropa İttifaqının tamhüquqlu üzvü olmağı hədəfləyirik.

- Avrasiya nəqliyyat dəhlizlərinin inkişafı kontekstində Moldova və Azərbaycan arasında liman infrastrukturu sahəsində, xüsusilə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əməkdaşlıq barədə danışıqlar aparılırmı? Moldova Azərbaycanın tranzit potensialından ticarət marşrutlarının Şərqə və Asiyaya genişləndirilməsi üçün istifadə etməkdə maraqlıdırmı?

- Şübhəsiz ki, Moldova Azərbaycanın tranzit imkanlarından Şərq və Asiya bazarlarına da çıxmaq üçün istifadə etməkdə maraqlıdır. Bu gün Moldovada iki liman fəaliyyət göstərir - biri özəl, digəri isə İnfrastruktur və Regional İnkişaf Nazirliyinin tabeliyində olan dövlət limanı. Dövlət limanı hazırda aktiv modernləşdirilmə mərhələsindədir.

Limanın potensialı artdıqca və logistika infrastrukturu inkişaf etdikcə biz limanımızın administrasiyası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında birbaşa əlaqələr qurmağı planlaşdırırıq. Bu məsələ artıq ikitərəfli əməkdaşlıq gündəliyinə daxil edilib və uzunmüddətli strateji fəaliyyətin bir hissəsi kimi nəzərdən keçirilir. Hazırda bu məsələlər üzərində iş gedir.

- Moldova xüsusilə Qara dəniz regionu ilə əlaqələrin möhkəmləndirilməsi kontekstində Azərbaycanla Xəzərdə logistika infrastrukturunun modernləşdirilməsi üzrə birgə layihələrdə iştirak etmək imkanını nəzərdən keçirirmi?

- Hazırda Moldovanın Qara dənizə birbaşa çıxışı yoxdur, bu da sözsüz ki, qeyd olunan istiqamətdə böyük regional layihələr həyata keçirməklə bağlı imkanlarımızı məhdudlaşdırır. Buna görə də biz bütün səylərimizi Azərbaycanla mövcud şəraitdə daha böyük potensial gördüyümüz istiqamətlərdə - hava daşımaları və avtomobil nəqliyyatı sahələrində ikitərəfli əməkdaşlığın inkişafına yönəldirik.

Müəyyən həcmdə yüklərin çatdırılması həyata keçirilsə də, logistika baxımından Azərbaycana çıxış kifayət qədər mürəkkəb olaraq qalır. Bu gün biz Rumıniya, Bolqarıstan və Türkiyədən keçən marşrutdan istifadə etməyə məcburuq. Bu marşrutun faktiki olaraq bütün Qara dənizdən yan keçməsi logistika xərclərini artırır və müvafiq olaraq dəyər ifadəsində ticarət dövriyyəsini azaldır.

Buna baxmayaraq, ümid edirik ki, Ukraynada müharibə başa çatdıqdan sonra bu ölkənin ərazisindən Azərbaycan istiqamətində birbaşa ticarət-nəqliyyat marşrutunu bərpa etmək mümkün olacaq. Bu, həm Moldova, həm də Azərbaycanın iş adamları üçün logistikanı əhəmiyyətli dərəcədə sadələşdirməyə və xərcləri azaltmağa imkan verərdi.

- Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Moldova üçün nə dərəcədə perspektivlidir? Ölkə bu istiqamətin potensialını Şərqi Avropa vasitəsilə ənənəvi marşrutlara alternativ kimi qiymətləndirirmi?

- Biz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını diqqətlə izləyir və onun çərçivəsində açılan imkanları öyrənirik. Lakin indiki mərhələdə Moldovanın bu dəhlizə birbaşa çıxışı yoxdur. Buna baxmayaraq, biz onu gələcəkdə marşrutların şaxələndirilməsi və dayanıqlı logistika zəncirlərinin yaradılması kontekstində vacib istiqamət kimi nəzərdən keçiririk.

- Moldova Avrasiya nəqliyyat marşrutları çərçivəsində prosedurların sadələşdirilməsi və transsərhəd daşımaların sürətləndirilməsi üçün "yaşıl dəhliz" yaradılması təşəbbüsündə iştirak edirmi və ya bu təşəbbüsə qoşulmaq imkanını nəzərdən keçirirmi?

- Əlbəttə. Gələcək "yaşıl dəhliz"in əsas iştirakçılarından biri Moldova ilə ümumi sərhədi olan Rumıniyadır. Bu, layihədə iştirakımız üçün təbii zəmin yaradır. Biz bu təşəbbüsə maraq göstəririk, çünki o, bizim strateji məqsədlərimizə - logistikanın optimallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və Avrasiya marşrutları çərçivəsində ticarət dövriyyəsinin sürətləndirilməsinə birbaşa cavab verir.

- Moldovanın enerji təhlükəsizliyi sahəsində prioritetlərini nəzərə alaraq, hazırda Azərbaycandan neft və neft məhsullarının müntəzəm idxalı imkanı gözdən keçirilirmi?

- Moldovanın öz neft emalı müəssisələri yoxdur, buna görə də xam neft tədarükü bizim üçün o qədər də aktual deyil. Bununla yanaşı, dünən biz Azərbaycanın energetika naziri ilə apardığımız səmərəli danışıqlar zamanı təbii qazın o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vasitəsilə idxalında maraqlı olduğumuzu təsdiqlədik.

Biz Azərbaycan tərəfi ilə uzunmüddətli müqavilələrin bağlanması ilə bağlı aktiv danışıqlar mərhələsindəyik. Bu, Moldova üçün enerji sahəsində dayanıqlığımızı əhəmiyyətli dərəcədə gücləndirə biləcək vacib istiqamətdir.

- Moldova Azərbaycandan Avropaya mövcud enerji marşrutlarına, xüsusilə Cənub Qaz Dəhlizinə qoşulmaqda maraqlıdırmı? Ölkə enerji resurslarının şaxələndirilməsinə yönəlmiş digər təşəbbüslərdə iştirakı nəzərdən keçirirmi?

- Şübhəsiz, bəli. Biz bu gün 12 ölkəyə, o cümlədən Avropa İttifaqının üzvü olan 10 ölkəyə qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini yaxşı dərk edirik. Moldova Aİ-nin qaz nəqli sisteminə qoşulub - bu, 2023-cü ildə Yassı-Ungenı-Kişineu qaz kəmərinin və 2024-cü ildə Şaquli dəhlizə qoşulma daxil olmaqla, əsas interkonnektorların istifadəyə verilməsindən sonra mümkün olub.

Beləliklə, bizim Cənub Qaz Dəhlizi ilə tədarük olunan qaza birbaşa çıxışımız var və biz məhz bu marşrutla Azərbaycan qazının alınması ilə bağlı fəal danışıqlar aparırıq.

- Moldova qaz idxalının şaxələndirilməsi üçün hansı konkret addımları atır? Regionda enerji resurslarının əsas tədarükçülərindən biri kimi Azərbaycanın bu səylərdə rolu nədən ibarət ola bilər?

- Enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsi strategiyası çərçivəsində biz təbii qazın tədarükü haqqında uzunmüddətli çoxillik müqavilənin bağlanması ilə bağlı fəal danışıqlar aparırıq. Azərbaycan bu prosesdə əsas tərəfdaşlarımızdan biridir.

Xüsusilə biz SOCAR ilə qaz idxalı imkanını müzakirə edirik. Bundan başqa, enerji və aqrar-sənaye sahələrində əməkdaşlıq çərçivəsində SOCAR-ın istehsal etdiyi mineral gübrələrin alınması məsələsi də gözdən keçirilir. Şirkətin Rumıniyada logistika bazası var və tədarüklər məhz bu ərazidən təşkil olunacaq ki, bu da mövcud infrastruktura inteqrasiyanı asanlaşdırır.

- Moldova hökuməti ölkənin enerji infrastrukturunun inkişafına, o cümlədən bərpa olunan enerji mənbələri seqmentinə və şəbəkələrin modernləşdirilməsinə Azərbaycan investisiyalarının cəlb edilməsi imkanını nəzərdən keçirirmi?

- Əlbəttə. Biz məhz bu məqsədlə - dialoqu dərinləşdirmək və əməkdaşlığın konkret istiqamətlərini qurmaq üçün Azərbaycandayıq. Bioqaz istehsalı texnologiyalarının inkişafı bizim üçün xüsusi maraq doğurur. Moldova Respublikasında böyük potensial: enerji məqsədləri, bioqaz istehsalı üçün səmərəli şəkildə istifadə edilə bilən böyük miqdarda əlçatan biokütlə var.

Biz bu sahəyə investisiyaların və qabaqcıl texnologiyaların cəlb edilməsində maraqlıyıq. Görüşlər zamanı Azərbaycanın Baş naziri və energetika naziri tərəfindən bizə xüsusilə bioqaz infrastrukturunun, yəni biokütlədən bioqaz istehsalı texnologiyalarının inkişafı üzrə mümkün birgə layihələr çərçivəsində tam anlayış və dəstək nümayiş etdirildi.

- Azərbaycanla aqrar-sənaye sektorunda, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı, saxlanması və ixracı sahələrində əməkdaşlıq formatı Moldova üçün nə dərəcədə cəlbedicidir?

- Sözsüz ki, biz burada böyük potensial görürük. Bu gün keçiriləcək biznes forum məhz bu istiqamətə həsr olunacaq. Biz azərbaycanlı iş adamlarını Moldovaya səfər etməyə, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı sahəsində investisiya imkanları ilə tanış olmağa dəvət edirik.

Ölkəmizdə kənd təsərrüfatı xammalının davamlı istehsalı mövcuddur və onun əsasında yüksək keyfiyyətli məhsulların istehsalı mümkündür. Eyni zamanda, Moldova artıq emal və fitosanitar nəzarət sahəsində qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırıb.

Bu, bizə Avropa İttifaqı bazarına azad və kvotasız çıxış imkanı verir. Moldovada yerli xammaldan istehsal olunan istənilən məhsul Avropa İttifaqına heç bir məhdudiyyət olmadan tədarük edilə bilər. Bu üstünlükləri nəzərə alaraq, biz Moldovanın aqrar-sənaye sektoruna investisiyaları Azərbaycan şirkətləri üçün son dərəcə perspektivli hesab edirik.

- Azərbaycan bazarında Moldovanın kənd təsərrüfatı məhsullarının ixrac potensialını necə qiymətləndirirsiniz? Hansı məhsullar daha rəqabətqabiliyyətli ola bilər və artıq müvafiq danışıqlar aparılırmı?

- Bu gün əsas çağırış ölkələrimiz arasında böyük məsafə və nəticədə logistikanın yüksək dəyəridir. Buna baxmayaraq, biz Azərbaycanın ticarət şəbəkələrinə Moldovada istehsal olunan bir sıra keyfiyyətli məhsullar təklif etməyə hazırıq. Bu, ilk növbədə, şərablar və "divin" adlanan məhsuldur. Bu məhsul konyaka bənzəsə də, təkcə üzüm şərabından hazırlanır. Biz "konyak" terminindən istifadə etmirik, lakin bizim divin yüksək əlavə dəyərə malik premium keyfiyyətli içkidir.

Bundan əlavə, biz soyudulmuş quş əti, yumurta, həmçinin qoz tədarükü imkanlarını nəzərdən keçiririk. Yeri gəlmişkən, Moldova qoz istehsalı həcminə görə dünyada altıncı, bu məhsulun Avropa İttifaqına ixracına görə isə üçüncü yeri tutur. Qoz qarşılıqlı fəaliyyət üçün daha bir maraqlı istiqamət ola bilər.
Bilirik ki, Azərbaycanda paxlavanı çox sevirlər - o, həqiqətən də möhtəşəmdir. Əsas tərkib hissələrindən biri qoz olduğu üçün bu ənənəvi desertdə Moldova qozundan niyə də istifadə edilməsin? Əminik ki, bu, əməkdaşlığın faydalı və bir-birini tamamlayan istiqaməti ola bilər.

- Moldova suvarma və su təsərrüfatı infrastrukturunu modernləşdirməyi planlaşdırırmı? Bu sahədə təcrübəsini nəzərə alaraq Azərbaycan tərəfinin belə layihələrə cəlb edilməsi mümkünlüyü keçirilirmi?

- Bəli, bu prosesə artıq start verilib. Hazırda Moldova ikisi Prut çayında və biri isə Dnestr çayında olmaqla üç suvarma sisteminin bərpasına ilk 25 milyon ABŞ dollar məbləğində investisiya qoyur. Bu, uzun müddət ərzində su təsərrüfatı infrastrukturunun modernləşdirilməsinə dövlət tərəfindən ilk böyük sərmayələrdir.
Hələlik bu sahədə Azərbaycanla əməkdaşlıq üçün rəsmi təkliflər irəli sürməmişik. Lakin bu gün bizim Azərbaycanın kənd təsərrüfatı naziri ilə görüşümüz planlaşdırılır və bu görüş zamanı ölkənin belə layihələrdə iştirakı imkanını müzakirə etmək niyyətindəyik. Əgər Azərbaycan tərəfi maraq göstərərsə, biz məmnuniyyətlə tərəfdaşlıq formatını nəzərdən keçirəcəyik və bu təşəbbüslərin birgə həyata keçirilməsinə hazırıq.

Seçilən
148
50
report.az

10Mənbələr