
Zərərli içkilər deyildikdə çoxlarımızın ağlına ilk olaraq kola və enerji içkiləri gəlir. Lakin əslində, gündəlik həyatımızda daha günahsız görünüb, bədənimizə daha çox ziyan vura biləcək başqa bir içki də var. Yeni araşdırmalar göstərir ki, bəzi hallarda bu içki kola və enerji içkilərindən daha zərərlidir.

E-saglam.az xəbər verir ki, market rəflərində “100% meyvə şirəsi” və “əsl meyvədən hazırlanmış” kimi ifadələrlə təqdim edilən məhsullar sağlam alternativ kimi görünə bilər. Ancaq bu içkilər tərkibindəki yüksək fruktoza, lifsiz quruluş və saxlanma müddətini artırmaq üçün əlavə olunan maddələrlə sağlamlıq üçün təhlükəli şəkər mənbəyinə çevrilə bilir.
Cola və enerji içkilərindən fərqi nədir?
Cola yüksək şəkər, kofein və turşuluq səbəbindən uzun müddətdir ki, zərərli içkilər siyahısındadır. Enerji içkiləri də stimullaşdırıcı təsirə malik olan kofein və taurin kimi maddələrə görə sağlamlıq baxımından risk daşıyır. Lakin bu içkilərin zərəri artıq çoxları tərəfindən bilindiyi üçün insanlar onları daha ehtiyatla istehlak etməyə çalışırlar.
Hazır meyvə şirələri isə əksinə, sağlam içki kimi qəbul edilir. Xüsusilə uşaqlar və gənclər arasında geniş yayılıb. Amma bir stəkan portağal suyunda 5-6 ədəd şəkər kubuna bərabər fruktoza var. Üstəlik lif tərkibi sıfıra yaxın olduğu üçün qan şəkərini sürətlə artırır. Nəticədə uzunmüddətli istifadəsi insulin müqaviməti, artıq çəki və qaraciyər yağlanması kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
“Meyvə suyu içmək meyvə yemək demək deyil”
Diyetoloqlar xəbərdarlıq edir: “Bir qutu meyvə şirəsi içmək, 3-4 meyvənin şəkərini lifsiz şəkildə qəbul etmək deməkdir. Vitamin və pulpa itirildiyindən bu, maye şəkər yüklənməsindən başqa bir şey deyil”.
Ən sağlam alternativ: Meyvənin özü
Ən yaxşı seçim meyvəni bütöv şəkildə yeməkdir. Beləliklə, həm lif alınır, həm də toxluq hissi yaranır. Əgər mütləq şirə içmək istəyirsinizsə, şəkərsiz, evdə təzə sıxılmış meyvə şirələri az miqdarda istehlak edilməlidir. Daha sağlam alternativlər arasında şəkərsiz bitki çayları, mineral su və evdə hazırlanmış kefir önə çıxır.
Sağlam həyat tərzi üçün içdiklərinizə diqqət yetirin. Gündəlik vərdiş kimi qəbul etdiyiniz bir içki, bədəninizə düşündüyünüzdən daha çox zərər verə bilər.
Tərcümə: Könül Oruc