Laçın, 25 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Ötən 30 ildə hər dəfə qar yağanda kədərlənirdim, yadıma doğma Laçından köçkün düşdüyümüz qış mövsümündə ermənilərin törətdiyi cinayət hadisələri düşürdü. Laçın həsrəti ilə yaşamaq bizə mənəvi əzab verirdi. Amma indi doğma yurdumuzdayıq, torpaqlarımız azaddır, şəhidlərimizin ruhu şaddır. Çünki ərazi bütövlüyümüz bərpa olunub, qalib ölkənin qalib vətəndaşı kimi doğma elimizdə məskunlaşmışıq.
Bu fikirlər Laçın sakini İlham Mirzəyevə məxsusdur. AZƏRTAC-ın bölgə müxbirinin Laçın səfərinə dair qeydlərini təqdim edirik.
Səfərimiz ölkəmizin cənub qərbində, dağlar qoynunda yerləşən Laçın şəhərinədir. Zəfər yolu, sonra Şuşa-Laçın yolu ilə irəliləyirik. Enişli-yoxuşlu və aşırımlı yollarla Laçın şəhərinə çatırıq. Dəniz səviyyəsindən 1164 metr hündürlükdə yerləşən şəhər ağ örpəyi ilə diqqət çəkir. Erməni işğalı zamanı dağıdılan Laçın azad edildikdən sonra yenidən öz laçın çağlarına qayıdır.
Böyük Qayıdış nəticəsində şəhərdə artıq 408 ailə olmaqla, 1555 nəfər yaşayır. Əhalinin məşğulluğu da diqqətdə saxlanılır.
Şəhərdə yaşayan ailələrdən birinin qonağı oluruq. Çöldə havanın qarlı-şaxtalı olmasına baxmayaraq, laçınlı ailə bizi öz isti ocağında və səmimi qonapərvərliklə qarşılayır.
Ailə başçısı İlham Mirzəyev 1957-ci ildə Laçın şəhərində dünyaya göz açıb. Uşaqlıq və gənclik illəri burada keçib. 1992-ci ilədək ailəsi ilə birlikdə firavan yaşayıblar, ta ki Laçın işğal olunana qədər...
Otuz il köçkünlük həyatı onlar üçün ağır keçsə də, yenidən doğma yurda qovuşublar. Ataların bir misalı var: “Köhnə yurdun qədrini təzə yurda köçəndə bilərlər”, - deyən İlham dayı ötən illərin yurd həsrətindən danışır. Danışdıqca həm kövrəlir, həm də sevinir. Deyir ki, Laçına qayıdanda qarışıq hisslər yaşayıb və bu, indi də davam edir. Sanki bu günlər onun üçün bir xəyal idi. İndi bu xəyal, bu arzu gerçəkləşib...
Qarın yağmasına baxmayaraq, hər hansı çətinlik yaşamadıqlarını söyləyən İlham dayı deyir ki, 30 il öncə, Laçından köçkün düşməmişdən qabaq burada mavi yanacaq, asfalt yollar olmayıb: “Amma indi Laçın şəhəri çox müasirləşib. Qışın soyuğunu hiss etmirik. Əskinə, yağan qarın hər kəsdə yaratdığı sevinc hisslərini görürük. Evimizə istilik sistemi çəkilib, su xətləri var, elektrik enerjisi fasiləsiz verilir. Hər küçəyə də asfalt döşənib”, - deyə o söyləyir.
Ailənin ən kiçik nümayəndəsi Yusif Cəbrayılov da Laçına - baba yurduna qayıtdığı üçün çox sevinir. O, Bakıda yaşayanda böyüklərindən Laçın haqqında tez-tez soruşar, onlar danışdıqca baba yurdunu gözləri önündə canlandırardı. Hətta görmədiyi Laçının rəsmlərini çəkərdi. “Laçına qayıdacağımız günü biləndə çox sevindim. İndi ata-baba yurdumdayam. Bir vaxtlar təsvir etdiyim Laçını indi öz gözlərimlə görür və əl işlərimdə əks edirirəm”, - deyən Yusif Laçın şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alır. İstedadı ilə fərqlənən balaca Yusif Laçın haqqında təxəyyülünü daşlar üzərinə də köçürür. Belə əl işlərindən birini göstərərək deyir: "Bu əl işimdə dağlar arasından axan Həkəri çayını və göy üzündə günəşi təsvir etmişəm. Digər əl işimdə isə Laçında dalğalanan bayrağımız var. Laçınımızı gəzdikcə, gördükcə bir çox əl işi yaratmağı düşünürəm. Çünki Laçın gözəlliklər diyarıdır”.
Laçın şəhərinə bu qış mövsümündə beşinci dəfədir qar yağır. Buna baxmayaraq, şəhərdə həyat öz axarı ilə davam edir.