2024-cü ilin oktyabrında HƏMAS lideri Yəhya Sinvarın ölümündən sonra hərəkata onun kiçik qardaşı Məhəmməd Sinvar rəhbərlik edir.
Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, HƏMAS-ın Qətərdəki siyasi ofisi kollektiv rəhbərliyə keçməyə qərar versə də, qrupun anklavdakı yaraqlıları buna tabe olmayıb və “müstəqil hərəkət etmək” qərarına gəliblər.
Qəzetin məlumatına görə, Məhəmməd Sinvarın təxminən 50 yaşı var. O, gənc yaşlarında HƏMAS-a qoşulub və avqustda öldürülən hərəkatın silahlı qanadının rəhbəri Məhəmməd Deyfin yaxın adamlarından olub.
Böyük qardaşından fərqli olaraq, Məhəmməd Sinvar İsrail həbsxanasında “əhəmiyyətli vaxt” keçirməyib, buna görə də o, İsrail təhlükəsizlik xidmətlərinə daha az tanışdır. O, uzun illər pərdə arxasında işlədiyi üçün “Kölgə” ləqəbini alıb.
Qəzetin mənbələri iddia edir ki, Məhəmməd Sinvar İsraillə razılaşma çərçivəsində HƏMAS-ın resurslarını bərpa etməyə, hərəkatın Qəzza zolağında mövqelərini gücləndirməyə və anklavda uzunmüddətli sülhə nail olmağa çalışır. İsrail ordusunun məlumatına görə, döyüşlər zamanı İsrail ordusu hərəkatın 30 min döyüşçüsündən 17 minini öldürüb.
Nəşr yazır ki, son bir neçə ay ərzində hərəkata yüzlərlə yeni yaraqlı qoşulub.
Yəhya Sinvar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun əsas təşkilatçısı hesab olunur. O, 2024-cü ilin avqustunda Tehranda sələfi İsmayıl Haniyənin ölümündən sonra Fələstin hərəkatının Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib. Yəhya Sinvar oktyabrın 16-da İsrail ordusu tərəfindən öldürülüb.