İran ordusu nüvə obyektlərinin mühafizəsini təmin etmək üçün ölkə daxilində keçirilən böyük təlimlər çərçivəsində yeni kəşfiyyat gəmisini təqdim edib.
Herbiand.az bildirir ki, bu barədə İran mətbuatına istinadən The Defence Post məlumat yayıb.
“Ölkənin “Zaqros” adlı ilk elektron kəşfiyyat gəmisi Hərbi Dəniz Qüvvələrinin döyüş əməliyyatlarında iştirak edir” - nəşr İranın dövlət televiziyasına istinadən yazıb.
Məlumatda deyilir ki, İran istehsalı olan casus gəmisi elektron sensorlar, siqnal ələ keçirən qurğular və geniş spektrli kiber və kəşfiyyat imkanları ilə təchiz edilib.
“Zaqros”un görüntüləri İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun böyük hərbi təlimlərinin başlamasından bir neçə gün sonra ortaya çıxıb. Təlimlər martın ortalarına qədər davam edəcək və əsas nüvə obyektlərinin qorunmasına yönəlib.
Hərbi Dəniz Qüvvələrinin Baş Admiralı Şəhram İrani bildirib ki, yeni kəşfiyyat gəmisi İran donanmasının dənizlərin və okeanların dərinliklərində ayıq-sayıq gözünə çevriləcək.
Bəxtiyar CƏFƏRLİ