“Bayern” idman direktoru Maks Eberl almaniyalı cinah hücumusu Leroy Sanenin Münhen klubundakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az jurnalist Florian Plettenberqə istinadən, Eberlin bu barədə cavabını təqdim edir:
“Hoffenhaym” ilə oyunda (5:0) dübarə qolla fərqlənmiş, özünü belə göstərmiş Sane bizim görmək istədiyimiz Leroydur.
Sanenin “Bayern”dəki gələcəyi? Biz heç vaxt deməmişik ki, onun klubda gələcəyi yoxdur. Bu, dünya səviyyəli oyunçudur, o, bunu çox gözəl başa düşür. Əgər o, “Hoffenhaym”a qarşı oynadığı kimi çıxış edirsə, deməli, o, “Bayern” üçün gərək olan oyunçudur”, deyə Maks Eberl vurğulayıb.
Leroy Sane futbola “Vattenşayd” klubunda qədəm qoyub. Leroy “Şalke” və “Bayer”in futbol akademiyalarında oynayıb, böyük futbolda “Şalke”nin heyətində debüt edib və buradan da “Mançester Siti”yə keçib.
2020-ci ilin iyulunda “Bayern” 49 milyon avro məbləğ müqabilində Saneni “şəhərlilər”in düşərgəsindən tamhüquqlu əsasda öz heyətinə qatıb. Sanenin Almaniya nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Sane “Bayern”in heyətində bütün yarışlarda 21 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Sanenin “Bayern”dəki çıxışının ümumi mənzərəsi 196 oyun, 55 qol və 51 məhsuldar ötürmədən ibarətdir.
Leroy Sane 2015-ci ilin noyabırnda debüt etdiyi Almaniya yığmasının heyətində 67 oyun keçirib, 14 qol vurub, 8 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı almaniyalı sağ cinah hücumçusu Leroy Sanenin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.