Gələcək illərdən etibarən ali təhsil müəssisələrinə qəbul imtahanlarının rəqəmsallaşdırılacağı proqnozlaşdırılır.
İmtahanların rəqəmsallaşdırılmasının abituriyentlərə hansı faydaları var?
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov AzEdu.az-a açıqlamasında bildirib ki, abituriyentin imtahanı verib, nəticəni yerindəcə görməsi ən ədalətli imtahan sistemidir:
“Gələcəkdə abituriyentlərin imtahan cavablarını anında öyrənə bilməsi ideyasını təqdir edirəm. Ancaq təcrübəli pedaqoq, Elm və təhsil komitəsinin sədri kimi həmişə tələbə-müəllim, şagird-müəllim münasibətlərinin üzbəüz olmasının tərəfdarıyam. Çünki dünyada qəbul olunan imtahan budur. Hansı sahədə olursa olsun, insanların üz-üzə gəlməsinə ehtiyac var.
Onlayn başqa, üz-üzə başqa. Hər ikisində də eyni şeylər deyilir, amma birində insanın mimikalarını, jestlərini, məsələyə münasibətini, gözlərini və baxışını görürsən, digərində isə yalnız səsini eşidirsən.
Heç kim inkar edə bilməz ki, dünyada ən gözəl imtahan abituriyentlə müəllimin üz-üzə olduğu imtahandır. Çünki bu imtahanda namizədin oturuşuna, sualların izahı ilə bağlı fikirlərinə və hətta tələbənin baxışlarına belə qiymət verilir. Müəllim, abituriyentin məsələnin mahiyyətini başa düşüb-düşmədiyini, yoxsa aidiyyatı olmayan mövzulardan danışıb-danışmadığını müəyyən edə bilir. Bütün bunlar hər biri şərtdir.
Pedaqoq və Pedaqogika elmi təkcə uşağın yazdığına yox, onun duruşuna və nitqinə qiymət verir. Amma test imtahanlarında biz bunların hamısından məhrumuq. Test tipli imtahanlarda sadəcə variantlara qiymət vermək mümkündür.
Sual oluna bilər ki, “Belədirsə, o zaman nə üçün biz test imtahanə formatından istifadə edirik?”, Testologiya dünyada qəbul olunan elmdir, amma o krossvord deyil. Abituriyentə sual verilir ki, “Çaldıran döyüşü nə vaxt olub?” , “1501- doğru” “1502-səhv”. Bu elm yox, krossvorddur. Ancaq “iki qardaş xalq arasında niyə müharibə baş verdi? Müharibə olmaya bilərdimi?”, sualı artıq elmdir, düşüncə tələb edir”.
Komitə sədri imtahanlarla bağlı ən böyük arzu və istəyindən də bəhs edib:
"İmtahanlarla bağlı ən böyük istəyim və arzum ondan ibarətdir ki, hansı formada olursa, olsun, müəllim tələbəni, tələbə müəllimi, şagird müəllimi və müəllim də şagirdi görə bilsin. Yəqin ki, bir gün gələcək, biz də bu istəyi reallaşdıra biləcəyik.
Abituriyent ixtisas seçimində 15 ixtisas yazır, amma ürəyindən keçən birinci və ya ikinci ixtisasları olur. Lakin balı yetmədiyi üçün o, 10-cu ixtisas üzrə oxumağa məcbur qalır. 4 il bu sahədə oxuyur, amma həmişə qəbul ola bilmədiyi ixtisası arzulayır. İstəmədən 4 il oxuyan tələbə gələcəyin mütəxəssisi ola bilərmi? Qətiyyən yox. İstəmədiyi ixtisası oxuyanların bir çoxu universiteti bitirən kimi yenidən ikinci təhsil almağa gedir. Bu da öz növbəsində böyük bir boşluq yaradır".