AZ

Azərbaycan və Gürcüstan regionda sülhü və təhlükəsizliyi birlikdə qoruyur

Bakı, 21 yanvar, AZƏRTAC

Bu gün regionun lokomotiv dövləti olaraq Azərbaycanın Cənubi Qafqazda müxtəlif sahələri əhatə edən əlaqələr qurduğu ölkə Gürcüstandır. Xüsusilə, Ermənistanla 30 ilə yaxın davam edən müharibə şəraiti bölgədə Gürcüstanın geosiyasi əhəmiyyətini artırıb. Bundan başqa, əsrlər boyu Cənubi Qafqazda dinc şəkildə yaşayan Azərbaycan və Gürcüstan xalqları arasında formalaşan möhkəm tarixi əlaqələr, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə inkişaf etmiş münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu dostluğa köklənib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizə tərəfdaş olmağı, müstəqilliyimizi, regionda sülhü və təhlükəsizliyi qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi diktə edir: “1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri də qonşu dövlətlərlə yüksəksəviyyəli əlaqələr qurmaq və Cənubi Qafqazda təhlükəsizliyi qorumaq idi. Məhz Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkənin xarici siyasət prioritetlərini elan edəndə öz təcrübəsi və mövcud imkanlardan məharətlə istifadə edərək Gürcüstanın Prezidenti Eduard Şevardnadze ilə hələ sovetlər dönəmindən başlayan dostluğu sayəsində Gürcüstanla Azərbaycan arasında olan mehriban qonşuluq münasibətlərini daha da möhkəmləndirdi. Belə ki, xalqlarımızın tarixi əlaqələrinin daha da zənginləşdirilməsi, eləcə də Cənubi Qafqazda münaqişə ocaqlarının olmaması üçün yeni çağırışların üzərində qurulan fəaliyyət ortaya qoyuldu. Bu gün isə Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ötən müddətdə ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb”.

Azərbaycanın hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olduğunu deyən M.Əfəndiyev qeyd edib ki, ölkələrimiz arasındakı qonşuluq, dostluq münasibətlərinin strateji əməkdaşlıq, hətta müttəfiqlik səviyyəsinə yüksəlməsi bölgədə sabitlik və təhlükəsizliyi təmin edir: “Uzun illər iqtisadi sahədə uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar investisiya qoyub. Eyni zamanda, hər iki ölkəyə böyük dividendlər gətirən mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılmasını bütün dünya üçün fəal tərəfdaşlığın ən bariz nümunəsi kimi dəyərləndirmək olar. Beləliklə, Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycan və Gürcüstan arasında davamlı olaraq inkişaf edən tərəfdaşlıq nəinki regionun iqtisadi-siyasi vəziyyətinin, eləcə də qlobal iqtisadiyyatın artımına xidmət edir. Qeyd etmək lazımdır ki, Gürcüstan tranziti vasitəsilə ölkəmiz hazırda 11 ölkəyə təbii qaz ixrac edir, habelə geniş coğrafiyanı əhatə edən Orta Dəhliz layihəsinin həyata keçirilməsi üçün işlər uğurla davam etdirilir”.

Deputat diqqətə çatdırıb ki, ötən müddət ərzində baş tutan ənənəvi görüşlər Azərbaycanla Gürcüstanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə şərait yaradıb.

“İki lider arasında baş tutan görüşdən sonra Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər” sözləri istər siyasi, istərsə də mövcud iqtisadi əlaqələrimizin bundan sonra da artan dinamika ilə inkişaf edəcəyinin, birlikdə Cənubi Qafqazda müasir çağırışlara əsaslanan yanaşma ortaya qoymaqla mühüm enerji, tranzit və logistik layihələrin davam etdiriləcəyinin, uğurla icra olunacağının göstəricisidir”, - deyə o vurğulayıb.

İqtisadi arena ilə yanaşı, Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq münasibətləri də uğurla inkişaf etdiyini qeyd edən Məzahir Əfəndiyev bu layihələrdən biri olan Azərbaycan, Gürcüstan, Ermənistan hökumətlərini bir araya gətirən Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SCAD) Regional Yardım Proqramının özündə qanunvericilik, səhiyyə, təhlükəsizlik, təhsil, sərhədlərin inteqrasiyası kimi istiqamətləri ehtiva edərək, əməkdaşlıq mexanizminin formalaşması və razılaşdırılmış birgə fəaliyyətin həyata keçirilməsini təmin etdiyini xatırladıb.

“30 ildən sonra torpaqlarını işğaldan azad edən Azərbaycan nəhayət ki, regionda təhlükəsizliyin bərqərar olmasına çox yaxındır. İnanırıq ki, Azərbaycanla yanaşı, Cənubi Qafqazın digər subyektləri də yeni siyasi düzəndə, müasir çağırışlar əsasında birgə gələcəyi təmin etmək kimi tarixi fürsəti düzgün dəyərləndirəcəklər, bu da regionda tam təhlükəsiz, sülh içində, rifahlı həyatın çiçəklənməsini təmin edəcək”, - deyə deputat qeyd edib.

Seçilən
2
50
azertag.az

10Mənbələr