Mübariz Göyüşlü: “Ermənilər növbəti dəfə yalan maşınını işə salıb”
35 il bundan öncə yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qətliamın ildönümü hər il ölkəmizdə matəm günü kimi qeyd olunur.
20 Yanvar Hüzn günü ilə bağlı Azərbaycan Xarii İşlər Nazirliyi bəyanat yaydı. Bəyanatda qeyd edilir ki, ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi deportasiyasını əsaslandırmaq naminə “Sumqayıt hadisələri” kimi qondarma təxribatların hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrıseçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardı. Bu bəyanat Ermənistanda böyük hay-küyə səbəb oldu. Ermənistan mediası məlum məsələyə toxunaraq qeyd edib ki, 1990-cı il yanvarın 13-dən 19-dək Bakıda şəhərin erməni əhalisinin kütləvi qırğınları baş verdi və bu, onların qovulmasına səbəb oldu: “Mərkəzi hakimiyyətin nəhayət erməni əhalisini müdafiə etməyə cəhd etdiyi 20 Yanvar hadisələrindən əvvəl Bakıda bir həftəlik dəhşətli erməni qırğınları baş verdi. 1990-cı il yanvarın 13-də erməni qırğınları zamanı Bakıda 25-30 min erməni qalmışdı. Hələ əvvəllər 250 minə yaxın erməni Bakını tərk etmişdi. Ümumilikdə 300-350 minə yaxın erməni Azərbaycanı tərk edib. “Bakı ermənilərinin başına gələnlər qeyri-insani, qəddar bir hərəkət idi. İnsanlar öldürüldü, evlərindən atıldı, qarət edildi və dənizə töküldü. Bu günlərdə Xəzər dənizinin nələr gördüyünü tarix göstərəcək. Bərələrdə qətllər davam edirdi. Ermənilərin tikdiyi Bakıda ermənilər öldürüldü”.
Qeyd edilir ki, guya 1990-cı ildə 300-350 min erməni Bakını tərk etdi. Ancaq bu fakt yanlışdır. O vaxtı Bakıda qeyd edilən sayda erməni olmayıb.
“Ermənilər bilərəkdən yalandan 1900-cı ildə 300-350 min erməninin Bakıdan qovulmasına dair məlumat yayır, bu feyk məlumatdır, o vaxtı Bakıda bu qədər erməni olmayıb”
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilər növbəti dəfə yalan maşınını işə salıblar: “Ermənilər bununla Azərbaycana təzyiq etmək istəyir, müəyyən tələblər irəli sürmək istəyir. Ancaq bu baş tutmayacaq. Baş verənlər, faktlar ortadır. 1990-cı il hadisəsi elə uzaq tarix deyil. 20 Yanvar hadisəsinə dair yetərincə video, foto fakt var. Onu da deyim ki, Sumqayıt hadisələri ilə də bağlı ermənilər həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Ermənilər bilərəkdən yalandan 1990-cı ildə 300-350 min erməninin Bakıdan qovulmasına dair məlumat yayır. Bu feyk məlumatdır, o vaxtı Bakıda bu qədər erməni olmayıb. Onların bunu etməkdə məqsədi Qərbi Azərbaycana soydaşlarımızın geri qayıtmasına mane olmaqdır. Ancaq unutmaq lazım deyil ki, Qərbi Azərbaycan məsələsi sıradan bir məsələ deyil”.
GüneL CƏLİLOVA